Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizmlə mübarizədə gənclərin rolu”

26 may 2022 | 12:35

26 may 2022-ci il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sahil qəsəbəsində yerləşən Qaradağ Gənclər Evində “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirildi. Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, Qaradağ Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, rayonun ictimaiyyət nümayəndələri və gənc müəllimlər iştirak edirdi.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşları Sadiq Qnyazlı və Nuru İmanov milli-mənəvi və islami dəyərlərdən söhbət açmaqla yanaşı qeyd etdilər ki, dini radikalizm və xurafat cəmiyyətin inkişafına mane olur və onların da qarşısının alınması maarifləndirmədən, islamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır. Dini ekstremizm və xurafat arasında ciddi fərq olmadığını deyən çıxışçılar hər iki məfhumun mahiyyət etibarilə eyni dərəcədə zərərli olduğunu vurğuladılar.      

 Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Firidun Hüseynov dövlət-din münasibətlərindən danışaraq ilk növbədə Azərbaycanda milli, dini dəyərlərə dövlətin diqqət və qayğısını və eyni zamanda radikalizm və ekstremizmə qarşı barışmaz mövqeyini qeyd etdi. O, bu gün ölkədə 2200-dən çox məscidlə yanaşı xristian kilsələri, yəhudi sinaqoqları, digər dinlərin fəaliyyət göstərdiyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycan dövlət-din münasibətləri baxımından sözün həqiqi mənasında bütün dünyaya nümunə olacaq ölkə olduğunu söylədi.

         Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov tədbirin mövzusunun “Dini radikalizmlə mübarizədə gənclərin rolu” seçilməsinin səbəblərini tədbir iştirakçılarının nəzərinə çatdıraraq dövlətimizin milli adət-ənənələrimizə, dini dəyərlərimizə sahib çıxmasından və onlardan gənc nəslin düzgün faydalanması üçün aparılan dövlət gənclər siyasətindən danışdı.

         Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”sının məsul katibi Ruslan İsmayılov çıxış edərək çağdaş dövrümüzün böyük problemlərindən olan dini radikalizmin qurbanına çevrilmiş yetkinlik yaşına çatmayanlar barədə məlumat verdi. Beləki 2018-2022-ci illərdə İraq və Suriya Ərəb Respublikasından Azərbaycan Respublikasına ölkə vətəndaşı olan uşaqlar repatriasiya və deportasiya edilmiş, ailələri tərəfindən qəyyumluq və himayəçiliyə götürülmüşdür. Uşaqların qəyyum ailələrdə ehtiyaclarının müəyyənləşdirilməsi, müvafiq xidmətlərlə təmin olunması istiqamətində rayon icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Komissiyanın əməkdaşlarının iştirakı ilə mütəmadi işlər aparıldığını bildirdi.

         Dövlətin məscidlərə və ümumilikdə din xadimlərinə olan diqqət və qayğısından danışan Sahil qəsəbə məscidinin imamı Fazil İmanov dindən istifadə edərək bəzən insanlar arasında, cəmiyyətdə çaşqınlıq yaratmaq və bununla da öz məkrli niyyətlərini həyata keçirmək istəyən qüvvələrdən söhbət açdı. Qeyd etdi ki, dini radikailzmə aparan yollardan biri də dini savadsızlıqdır ki, onunla mübarizə hər bir müsəlmanın, hər bir vətəndaşın borcudur.

         Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər