Çeyildağ qəsəbəsində vətəndaşların səyyar qəbulu keçirilib
6 oktyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Çeyildağ qəsəbəsində sakinlərlə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.
Qəsəbəyə gələn rayon icra hakimiyyətinin başçısını ilk qarşılayan uşaqlar olub. Onun ətrafına sevinclə toplaşan uşaqlarla səmimi söhbət edən RİH başçısı Natiq Əliyev onların maraqları və istəkləri ilə tanış olub. Söhbətin sonunda uşaqlarla xatirə şəkli çəkdirilib.
Daha sonra RİH başçısı Natiq Əliyev şəhid Şahin Qədirovun xatirə lövhəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad edib. Şəhidin anası ilə görüşüb, qayğıları ilə maraqlanıb. Səyyar qəbulun keçirildiyi məktəbə gələn RİH başçısı Natiq Əliyev burada yerləşən Birinci Qarabağ müharibəsi şəhidi Səyavuş Muradovun büstünün önünə də gül dəstələri düzmüşdür.
Yüzə yaxın sakinin iştirak etdiyi səyyar qəbulda çıxış edən RİH başçısı Natiq Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən danışıb. Vətəndaşların müraciətlərinin dinlənilməsinin, yaşayış məntəqələrində mövcud problemlərin öyrənilməsinin və həlli istiqamətində iş aparılmasının əhəmiyyətini vurğulayıb.
Qəbul zamanı vətəndaşların müraciəti fərdi qaydada dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə müzakirələr aparılıb, həlli mümkün olan müraciətlər dərhal həllini tapıb. Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Qəsəbə sakinləri dövlət başçısının əhalinin rifahına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, problemlərin həllinə yönəlmiş tədbirlərdən razılıqlarını ifadə ediblər.






