Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Əzizov Fikrət Abbas oğlunun meyitinin qalıqları “Sofi Həmid Piri” qəbiristanlığına gətirilərək dəfn olunub

30 oktyabr 2025 | 16:18

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Əzizov Fikrət Abbas oğlunun meyitinin qalıqları bu gün 30.10.2025-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonuna, “Sofi Həmid Piri” qəbiristanlığına gətirilərək dəfn olunub.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon Polis İdarəsinin Rəisi, Qaradağ Rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaradağ Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Qaradağ Rayon Prokuroru, Məhkəmə sədri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyi, şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin məzarı üzərinə əklil qoyulmuş və gül dəstələri düzülmüş, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və yaylım atəşi açılmlşdır.

Qeyd edək ki, Əzizov Fikrət Abbas oğlu 1961-ci il yanvar ayının 13-də Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. Ailəli idi. İki övladı var. O, 1992-ci il fevral ayının 26-da Xocalı rayonu uğrunda gedən döyüşlərdə itkin düşüb.

Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

Keçidlər