Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçü Rüstəmov Tərlan Kamal oğlunun dəfn olunmasının birinci ildönümü qeyd olundu
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Rüstəmov Tərlan Kamal oğlunun dəfn olunmasının birinci ildönümü qeyd olundu və onun məzarı ziyarət olundu. Şəhid Qaradağ rayonu, Lökbatan qəsəbəsində Şəhidlər xiyabanında dəfn edilib.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qaradağ təşkilatının sədri, Milli Məclisin VI çağırış deputatı Səbinə Xasayeva, Şura üzvləri, şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Rüstəmov Tərlan Kamal oğlu 1974-cü il mart ayının 21-də Lerik rayonun Şivlə kəndində anadan olub. O, 1992-ci ildə Ağdam rayonu istiqamətindəki hərbi əməliyyatlarda iştirak edib və 1992-ci ilin sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.






