Şriftin ölçüsü :

Saytın rəngi :

“Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirildi.

15 sentyabr 2023 | 12:22

   Sentyabr ayının 15-də “Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirildi.

   Qızıldaş qəsəbəsi Azər Namazov adına 180 nömrəli tam orta məktəbində keçirilən “Bilik Günü” mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ təşkilatının sədri Qafar Əliyev iştirak etdilər.

   Məktəbin həyətində hər iki Qarabağ müharibəsində şəhid olmuş Qızıldaş sakinlərinin şərəfinə ucaldılmış xatirə kompleksi ziyarət edildi, tər çiçəklər düzüldü.

   Rayon rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə məktəb müəllimlərinin, şagird heyətinin, valideynlərin və birincilərin sevinci hədsiz idi.

   Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

   Vətən müharibəsində şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov məktəb kollektivi qarşısında çıxış edərək, yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara gələcək tədris illərində uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzuladı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini, strateji kursun  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

   180 nömrəli tam orta məktəbin direktoru Atakişi Cəfərov çıxışında bildirdi ki, təhsil sahəsində aparılan genişmiqyaslı işlər ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır.

   Milli Məclisin deputatı Aydın Hüseynov qeyd etdi ki, təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biridir. Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbər verir.

   YAP Qaradağ təşkilatının sədri Qafar Əliyev çıxışında bildirdi ki, 30 ildən sonra xalqımız erməni tapdağı altında inildəyən Qarabağ torpağını Ali Baş Komandanın rəhbərliyi və igid oğullarımızın canı, qanı bahasına işğaldan azad edib. Bu gün Qarabağda yeni tikilmiş məktəblərdə Bilik Günü qeyd edilir.

   Şəhidin qardaşı Sədi Namazov da yeni dərs ili ilə bağlı şagirdləri təbrik etdi.

   Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri rayonun bütün qəsəbələrində yerləşən məktəblərdə keçirilən “Bilik Günün”də iştirak etdilər.

   Tədbirlərdə çıxış edən icra hakimiyyətinin əməkdaşları, şəhid valideynləri, müəllimlər, valideynlər qeyd etdilər ki, bu ilki Bilik günü xüsusi ruh yüksəkliyi ilə keçirilir. Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunlar dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir. Qaradağ rayonu üzrə orta məktəbi 1 nəfər qızıl medala layiq görülməklə 1731 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 1138 abituriyentin 62.4 faizi, yəni 710 nəfəri tələbə adını qazandığı, onlardan 22 nəfərin isə 600-dən çox bal topladıqları diqqətə çatdırıldı.

   İşğaldan azad edilmiş torpaqlarımızda böyük abadlıq və quruculuq işləri aparılır. Gələn il Bilik gününün Qarabağın yeni, abad kəndlərində, şəhərlərində qeyd olunması arzu edildi.

   “İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı.

 

Keçidlər