“Bəşəriyyətin düçar olduğu bəla” adlı narkomaniyaya həsr olunmuş mədəni–kütləvi tədbir
16.05.2025-ci il tarixdə Qaradağ rayonu, Ələt qəsəbəsi, Ə.Zeynallı adına 302 nömrəli tam orta məktəbdə “ Bəşəriyyətin düçar olduğu bəla” adlı narkomaniyaya həsr olunmuş mədəni –kütləvi tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.12-ci bəndinin (Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi) icrası əsasında baş tutdu.
Tədbir VIII-X sinif şagirdlərinin aparıcılığı ilə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Daha sonra isə dövlətimiz, millətimiz, bayrağımız uğrunda I və II Vətən müharibəsində canını fəda edən şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə bir sıra qonaqlar iştirak edirdilər. O cümlədən Qaradağ rayonu İcra hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “ Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiyası ” nın məsul katibi Ruslan İsmayılov , “Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Qaradağ rayon komitəsinin sədri - Zümrüd Rzayeva, “ Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri – Elçin Abbasov, Qaradağ rayon Ələt qəsəbəsi icra nümayəndəsi – Altay Əliyev.
Tədbirdə yeniyetmələrdən ibarət şagirdlər tamaşa səhnəciyi və şeir kompoziyası ilə çıxış etdilər. Həmçinin tədbirin sonuna yaxın dəvət edilmiş qonaqlara söz verdilər. “Narkomaniya rəsmin gözü ilə”, “Şüarlar”, həmçinin məktəbin İlk Həmkarlar Komitəsinin sədri və eləcə də sinif rəhbəri Rzayeva Sevil müəllimin rəhbərliyi ilə VII siniflərlə sağlam həyat tərzini ifadə edən musiqi nömrəsi və Fiziki tərbiyə müəllimi Bəxtiyar Nəhmədov təşkilatçılığı ilə idman nömrələri təqdim etdilər. Sonda rəsmlər müzakirə olundu və xatirə şəkilləri çəkdirdilər.