Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi

25 aprel 2024 | 15:19

   25 aprel 2024-cü il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, aparatın şöbə müdirləri, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayonun səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak edirdilər.

   Əvvəlcə Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş film nümayiş olundu.

   Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bildirdi ki, Zərifə xanım Əliyevanın yüksək intelektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmış Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi.

   Zərifə xanım eyni zamanda sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutmuşdur. Daim həyat yoldaşı Ulu Öndərimizin yaxın sirdaşı və silahdaşı olmuşdur.

   Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək qeyd etdi ki,  Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb.

   Milli Məclisin deputatı Səbinə Xasayeva çıxışında Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan danışmış, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin daim əbədi yaşayacağını vurğulamışdır.

   Daha sonra çıxış edən Lökbatan Tibb Mərkəzinin oftomoloqu Hicran Həşimova Zərifə zanım Əliyevayla bağlı xatirələrini bölüşərək qeyd etdi ki, Zərifə xanım zaman baxımından qısa ömür yaşasa da, tibb sahəsində gördüyü çox böyük işlərlə, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin müalicəsində əldə etdiyi uğurlarla tarixə adını yazdırıb.

   YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında bildirmişdir ki, Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. 

   Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirərək, qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

Keçidlər