Azərbaycanın görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gözlərə nur verən şəfqətli insan” mövzusunda dəyirmi masa keçirildi
27 aprel 2023-cü il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “ Gözlərə nur verən şəfqətli insan ” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, aparatın şöbə müdirləri, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor, farmokoloji elmlər doktoru Məhbubə Vəliyeva, Tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dekanı Fərəh Mədətli, rayonun səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin nümayəndələri və gənc həkimlər iştirak edirdilər.
Əvvəlcə Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bildirdi ki, yüksək intelektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmış Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi.
Zərifə xanım eyni zamanda sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutmuşdur. Daim həyat yoldaşı Ulu Öndərimizin yaxın sirdaşı və silahdaşı olmuşdur.
Farmokoloji elmlər doktoru Məhbubə Vəliyeva qeyd etdi ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Xatirə günündə bir daha qeyd olundu ki, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. O, 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elimləri namizədi alimlik dərəcəsinə layiq görülməsi, elmi fəaliyyəti ilə həkimliyin üzvü bağlantısı idi. Zərifə xanım dosentlikdən, professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdir. Z.Əliyeva bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülərək, bu mükafatı alan ilk qadın olmuşdur.
Akademik Z.Əliyeva ictimai xadim kimi də səmərəli fəaliyyət göstərmişdir. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, Əməkdar elm xadimi kimi şərəfli adı ləyaqətlə daşımışdır.
Daha sonra Tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dekanı Fərəh Mədətli, çıxış edərək həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı. Natiq Zərifə xanım Əliyevanın Azərbaycan xalqının sərvəti olduğunu bildirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını vurğuladı.
Milli Məclisin deputatı Aydın Hüseynov qeyd etdi ki, Zərifə Əliyeva məşhur alim, istedadlı insan olmaqla yanaşı müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur.
Milli Məclisin deputatı Səbinə Xasayeva Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan böyük alimin xatirəsini andı.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında bildirmişdir ki, Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük.
Digər çıxışçılar akademik Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan danışmış, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin daim əbədi yaşayacağını vurğulamışlar.
Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq, Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirərək, qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.