Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 32-ci ildönümü münasibətilə “Azərbaycan gənci müasir dövrdə” mövzusunda dəyirmi masa keçirildi

24 iyul 2026 | 17:55

24 iyul 2026-cı il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 32-ci ildönümü münasibətilə “Azərbaycan gənci müasir dövrdə” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ  rayon sektorunun müdiri Elçin Abbasov, Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi  Rövşən Pənahlı, YAP Qaradağ Rayon Təşkilatının sədri İlqar İlyasov, Qaradağ Gənclər Evinin direktoru Leyla Məmmədova, Ə.Əmirov adına Mədəniyyət Sarayının direktoru Leyla Süleymanlı,Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon komitəsinin sədri Niyaz Eyvazov, Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının Qaradağ rayon  Komitəsinin sədri Salman Salmanov, Qərbi Azərbaycan İcmasının gənclər nümayəndəsi Elnur Mirzəyev, Heydər Əliyev Mərkəzinin əməkdaşları və rayonun fəal gəncləri iştirak etdilər.
   Tədbirdən əvvəl rayon gənclərinin nailiyyətlərini əks etdirən mükafatlardan ibarət sərgiyə baxış keçirildi. Çıxışlarda 1994-cü il iyul ayının 26-da Ulu Öndər Heydər Əliyevin ölkə gənclərinin vahid tışkilat altında birləşdirmək məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında sərəncam imzaladığını, ölkə gənclərinin I və II Forumlarında iştirak edərək proqram xarakterli çıxışlar etdiyini və daha sonra Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi məqsədilə fərman imzaladığı iştirakçıların nəzərinə çatdırıldı.
   Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin   dövlət gənclər siyasətinin həyata keçirilməsinə, o cümlədən yüksək intellektli gənclərin hazırlanmasına böyük önəm verdiyi söylənildi. Dövlətimizin başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı “Azərbaycan Gəncliyi Dövlət Proqramlar”ı haqqında sərəncamları gəncliyin rifahına hesablanan dövlət qayğısının təzahürü kimi qiymətləndirildi.
   Qeyd olundu ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Keçidlər