Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümü münasibəti ilə tədbir keçirildi
24 iyul 2024-ci il tarixində Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin konfrans zalında tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, aparatın məsul işçiləri, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə Gənclər və İdman sektorunun, Qaradağ Gənclər evi sosial xidmət müəssisəsinin, 11 saylı Uşaq Gənclər İdman Məktəbinin, Qaradağ Təlim-İdman Bazasının əməkdaşları və Qaradağ rayonunda yaşayan və Avropa Oyunlarında nəticələri olan idmançılar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirdi ki, iyulun 26-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyi tamam olur. Qeyd etdi ki, xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirilib. Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, hər il 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, bu sahədə dövlət proqramlarının qəbulu ümummilli lider Heydər Əliyevin gənclərə böyük qayğısının göstəriciləridir.
İndi ölkəmizdə dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlar, təsdiq etdiyi Dövlət proqramları uğurla icra olunur və öz müsbət nəticələrini verir.
2006-cı ildə dövlətimizin başçısının Fərmanı ilə yenidən təşkil olunmuşdur. Dövlət gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. İndi bütün bölgələrdə yeni Olimpiya İdman kompleksləri tikilərək istifadəyə verilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.
Azərbaycanın dünya idmanına ən böyük töhfəsi ölkəmizin 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi oldu. Azərbaycan təkcə təşkilatçılığı ilə deyil, atletlərimizin uğurlu çıxışları ilə də Prezident İlham Əliyevin dediyi kimi, Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi.
Bu mötəbər idman turnirindən qısa müddət sonra 2016-cı ildə ölkəmiz 42-ci Ümumdünya Şahmat Olimpiadasına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, 2019-cu ildə UEFA Avropa Liqasının final qarşılaşmasına, XV Avropa Gənclər Olimpiya Festivalına, eləcə də Formula 1 Qran-Prisinə ev sahibliyi edib.
Ölkəmizdə idmanın inkişafı və gənclərlə iş sahəsində çoxşaxəli fəaliyyət həyata keçirən, bu sahədə dövlət siyasətinin uğurla reallaşmasında vacib rol oynayan Gənclər və İdman Nazirliyinin 30 illik uğurlu fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümü münasibəti ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə Gənclər və İdman sektoruna, Qaradağ Gənclər evi sosial xidmət müəssisəsininə, 11 saylı Uşaq Gənclər İdman Məktəbinə, Qaradağ Təlim-İdman Bazasına və Qaradağ rayonunda yaşayan və Avropa Oyunlarında nəticələri olan idmançılara fəxri farmanlar və qiymətli hədiyyələr təqdim olundu.