Azərbaycan Respublikası Prezidentinin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən “Birinci Türkoloji Qurultay: Bir əsrlik elmi irs və milli birlik” mövzusunda dəyirmi masa keçirilib.
İyulun 28-də Qaradağ Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının dəstəyi, Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Qaradağ rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən “Birinci Türkoloji Qurultay: Bir əsrlik elmi irs və milli birlik” mövzusunda beynəlxalq tədbir keçirilib.
Dəyirmi masada Mərkəzin direktoru Çərkəz Əliyeva, Qaradağ Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun müdiri Şamama Ağamuradova, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, Avrasiya Sənətkarlıq və Dizaynerlər Şurasının Azərbaycan üzrə sədri Akşin Hüseynli, Özbəkistan Respublikasını təmsil edən dizayner və sənətkarlar Muyassar Asadova, Dinara Alayeva, Tursunoy Tashpulatova, Zuhra Xodjaniyazova və Mukarram Polatova, həmçinin Tikinti-Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dizayner müəllimləri iştirak ediblər.
Tədbir, həmçinin Azərbaycan Respublikası Prezidentinin 3236 saylı, 15.09.2017 tarixli Sərəncamının 5.1.7 və 5.4.3-cü, eləcə də 500 saylı, 29.01.2019 tarixli Fərmanının 7.1.22, 7.1.26 və 7.1.49-cu bəndlərində nəzərdə tutulmuş milli-mədəni irsin təbliği, xalq sənətkarlığının inkişafı, yaradıcılıq fəaliyyətinin dəstəklənməsi, beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsi və turizm potensialının təşviqi istiqamətlərinə uyğun olaraq təşkil olunub.
Tədbir çərçivəsində Özbəkistan Respublikasından gəlmiş sənətkar nümayəndə heyətinin iştirakı ilə dəyirmi masa ilə yanaşı xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgi təşkil edilib, türk xalqlarının ortaq milli-mədəni irsi, sənətkarlıq ənənələri və qarşılıqlı təcrübə mübadiləsinin təşviqinə xüsusi diqqət yetirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mövzu ilə bağlı videoçarxa baxış keçirilib.
Tədbirdə çıxış edənlər Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq dil, tarix, mədəniyyət və milli-mənəvi dəyərlərinin öyrənilməsi, qorunması və inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Çıxışlarda Azərbaycan və Özbək xalqlarının dil, milli irs, folklor, adət-ənənə və mədəni dəyərlərindəki oxşarlıqlardan bəhs olunub, bu ortaq xüsusiyyətlərin xalqlarımız arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinin ifadəsi olduğu vurğulanıb.
Həmçinin milli geyimlərin, qurama və oyma sənətinin, xalq yaradıcılığının və folklor nümunələrinin milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadığı qeyd edilib. Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin, ana dilinin və mədəni irsin qorunmasına göstərdiyi xüsusi diqqətdən bəhs olunub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə türk dövlətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndiyi vurğulanıb.
Çıxışlarda türk xalqlarının ortaq mədəni irsinin qorunmasının, gələcək nəsillərə çatdırılmasının, sənətkarlıq ənənələrinin yaşadılmasının və türk dünyasında birlik, həmrəylik və qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçılar Özbəkistan Respublikasından gəlmiş sənətkarların əl işlərindən ibarət xalq tətbiqi sənəti sərgisi ilə tanış olub, nümayiş etdirilən milli geyim, qurama, oyma və bədii tikmə nümunələri böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində sənətkarlar öz yaradıcılıqları, milli sənətkarlıq ənənələri və türk xalqlarının ortaq mədəni irsinin qorunması istiqamətində gördükləri işlər barədə ətraflı məlumat verərək qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Tədbirin davamı olaraq qonaqlar Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının qərargahında olublar. Nümayəndə heyəti YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov tərəfindən qəbul edilib. Görüş zamanı qonaqlara Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, Yeni Azərbaycan Partiyasının yaranma tarixi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və suveren dövlət kimi inkişafı istiqamətində görülən işlər, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və sosial nailiyyətlər barədə ətraflı məlumat verilib. Görüş səmimi fikir mübadiləsi şəraitində keçib, Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və mədəni-humanitar əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda qonaqlara xatirə olaraq suvenir hədiyyələr təqdim edilib.






