Azərbaycan Qadınlarının VI Qurultayına hazırlıqla bağlı Qaradağ rayon qadınlarının konfransı keçirildi
11.10.2023-cü il tarixdə Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Qadınlarının VI Qurultayına hazırlıqla bağlı Qaradağ rayon qadınlarının konfransı keçirildi.
Konfransda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayonun təhsil, səhiyyə, mədəniyyət, həmkarlar ittifaqları və digər müəssisələrinin qadın nümayəndələri, şəhid və qazi anaları, YAP-ın Qaradağ rayon təşkilatının fəal qadın üzvləri və rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallığı ilə seçilən qadınlar iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Film nümayiş etdirildi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova konfransı açıq elan edərək bildirdi ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək insani keyfiyyətləri ilə hər zaman fərqlənib və tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verib. Qeyd edildi ki, çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. T.İsmayılova vurğuladı ki, respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Çıxış edənlər şəhid Ataməli Musaoğlunun anası Leyla xanım, şəhid Səməndər İsmayılzadənin anası Fəridə xanım qeyd etdilər ki, 44 günlük Vətən müharibəsindəki Qələbəmiz həm də Azərbaycan qadınının qələbəsidir. Vətəni göz bəbəyi kimi qoruyan, onun üçün canından keçən nəsli məhz qadınlar böyütdü. Parlaq qələbəmiz dəyərli anaların oğullarının qəhrəmanlığının bəhrəsinə çevrildi. Bu gün artıq o igidlərimizin sayəsində azad olunan Qarabağımız yenidən dirçəlir. Doğma yurdumuzun ruhu yenidən canlanır.
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Qaradağ rayon komitəsinin əməkdaşı Əhədova Cəlalə, Heydər Əliyev Mərkəzinin əməkdaşı Aytac Tağıyeva cəmiyyətimizdə qadınların ən çox rastlaşdığı problemlər, erkən evliliklər və onun fəsadları, məişət zorakılığı halları, qadınların məşğulluq məsələləri və s. mövzulara toxunaraq bu məsələlərin həlli istiqamətində öz fikir və tövsiyələrini bildirdilər.
Konfrans mövzu ətrafında müzakirələrlə davam etdi.