Azərbaycan multikulturalizminin qaynaqları seriyasından olan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının Qaradağ ictimaiyyətinə təqdimatı keçirilmişdir
24 yanvar 2023-cü il tarixində Qaradağ rayonunda Azərbaycan multikulturalizminin qaynaqları seriyasından olan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları Azərbaycanda multikulturalizm sahəsində görülən işlərdən bəhs ediblər. Qeyd edilmişdir ki, Azərbaycanda multikultural dəyərlərin çox qədim tarixi vardır. Ölkəmiz tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycandakı multikulturalizm və tolerantlıq modeli dünyaya nümunədir.
Azərbaycanın mədəni müxtəlifliyi azərbaycançılıq ideologiyası əsasında formalaşıb. Bu ideologiya mədəniyyətimizin bütün xüsusiyyət və komponentlərini özündə ehtiva edir. Ümummilli Lider Heydər Əliyev bu ideologiyada mədəni müxtəlifliyin əsaslarını xüsusi vurğulayıb. Cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə multikulturalizmə marağın artması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu mənada, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2011-ci ildən Bakıda keçirilən və artıq ümumdünya ənənə halını almış Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” və digər mötəbər beynəlxalq konfranslar xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında imzaladığı Sərəncamın bu məqsədə nail olmaq yolunda mühüm addım olduğu diqqətə çatdırıldı.
Təqdimatı keçirilən “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı multikultural dəyərlərin aşılanmasında, birgəyaşayışın, sülhün, müasir dünyada xalqların rifah halının yaxşılaşması yönündə bir sıra məsələləri özündə ehtiva edir. Qeyd olunub ki, kitab Azərbaycan multikulturalizmi üçün böyük töhfə hesab olunur.