“Azərbaycan gəncliyi – nailiyyətlər, perspektivlər” mövzusunda dəyirmi masa keçirildi
23 iyul 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 31-ci ildönümü münasibətilə “Azərbaycan gəncliyi – nailiyyətlər, perspektivlər” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şixəliyeva, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektorunun müdiri Elçin Abbasov, Qarabağ müharibəsi Veteranları Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının sədri Maqsud Heydərov, Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon komitəsinin sədri Niyaz Eyvazov, “N” saylı hərbi hissənin zabit və əsgərləri, rayonun fəal gəncləri iştirak etdilər.
Dəyirmi masanı giriş sözü ilə Qaradağ rayon gənclər və idman sektorunun müdiri E.Abbasov açdı. O, 1994-cü il iyul ayının 26-da Ulu Öndər Heydər Əliyevin ölkə gənclərinin vahid təşkilat altında birləşdirmək məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında sərəncam imzaladığını, ölkə gənclərinin I və II Forumlarında iştirak edərək proqram xarakterli çıxışlar etdiyini vurğuladı. Daha sonra isə Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi məqsədilə müvafiq fərman imzaladığını qeyd etdi.
Qaradağ rayon İcra Hakimiyyəti təmsilçisi Səmayə Şıxəliyeva bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət gənclər siyasətinin həyata keçirilməsinə, o cümlədən yüksək intellektli gənclərin hazırlanmasına böyük önəm verdiyini söylədi. Dövlətimizin başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”, “Azərbaycan gəncliyi” Dövlət Proqramları haqqında sərəncamları gəncliyin rifahına hesablanan dövlət qayğısının təzahürü kimi qiymətləndirildi.
Digər çıxışçılar Azərbaycanda keçirilmiş irimiqyaslı beynəlxalq idman yarışlarında könüllülər hərəkatının fəaliyyətindən danışaraq gəncləri bu cür tədbirlərdə daha fəal iştirak etməyə çağırdılar. Qeyd olundu ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.






