“Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirildi.
12 avqust 2025-ci il tarixində Heydər Əliyev Mərkəzində “12 avqust - Beynəlxalq gənclər günü”nə həsr olunmuş “Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektor müdiri Elçin Abbasov, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva, Lökbatan bələdiyyəsinin sədr müavini Türkan Əliyeva, Elm, Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ rayon Komitəsinin sədri Salman Salmanov, 11 saylı Uşaq Gənclər İdman Məktəbinin direktoru Natiq Ələkbərov və rayon gəncləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə sektor müdiri Elçin Abbasov Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışaraq onların rolunu qeyd etdi. Dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusilə vurğulandı.
Qaradağ Rayon İcra Hakimiyyətinin təmsilçisi Səmayə Şıxəliyeva Azərbaycan dövlətinin gənclər siyasətini həmişə dövlətin prioritet məsələsi kimi qəbul etdiyini və bu yönümdə həyata keçirdiyi əməli işləri iştirakçıların nəzərinə çatdırdı. Qeyd etdi ki, dövlət gənclər siyasətini məqsədyönlü şəkildə həyata keçirmək və eyni zamanda Azərbaycan gəncinin dünyaya inteqrasiyasını təmin etmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və mərhələli şəkildə “Azərbaycan gəncliyi Dövlət Prоqramları” haqqında sərəncamlar imzalanmışdır.
Gənclər adından çıxış edən Türkan Əliyeva verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdar olduqlarını söylədi.
“12 avqust – Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş sərgi nümayiş etdirildi. Rəsm müəllifləri çəkdikləri rəsmlərin mənası, rəng çalarları, hansı düşüncələr yaratmaq ehtimalı barədə sərgi iştirakçılarına məlumat verdilər.






