Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərinin yeddinci il dönümü ilə əlaqədar tədbir keçirildi

04 aprel 2023 | 17:28

   Aprelin 4-də Qaradağ Rayon İcra Hakimiyyətində Aprel döyüşlərinin yeddinci il dönümü ilə əlaqədar tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçının müavinləri və  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi polkovnik Vüqar Seyidov, şəhid ailəsi və qazilər iştirak etdilər.

   Qaradağ RİH başçısı Süleyman Mikayılov tədbirdə şanlı Aprel döyüşlərindən söhbət açdı. Rəşadətli Azərbaycan Ordusunun özünün şanlı tarixinə yazdığı parlaq qələbələrindən biri olan Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir

   Aprel döyüşlərindən 7 il ötür. Bu tarixi qələbə xalqımızda işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə, əzəli və əbədi    ərazilərimizdə qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın dalğalanacağına böyük əminlik yaratdı. Aprel döyüşləri ərəfəsində işğalçı Ermənistan silahlı qüvvələrinin təmas xəttində mütəmadi təxribatlar törətməsi adi hala çevrilmişdi. 2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Geniş ərazini nəzarətdə saxlamaq imkanı yaradan strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi düşməndən təmizləndi.

   Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın başlanması oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama əsasən, Böyük Qayıdış prosesinə start verildi. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı oldu.

   Bu döyüş əməliyyatlarında Qaradağ  rayonu üzrə 45 nəfər iştirak etmiş, onlardan biri şəhid və altısı qazi olmuşdur. Şəhidimizə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı çıxış etdikdən sonra qazilərin və şəhid ailəsinin problemləri və onları narahat edən məsələlər araşdırılmışdır. Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirmişdir.

Keçidlər