Abşeron yatağının Tammiqyaslı İşlənməsi Layihəsi çərçivəsində görüş keçirilmişdir
18 iyun 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Abşeron yatağının Tammiqyaslı İşlənməsi (Abşeron YTİ) Layihəsi çərçivəsində Sanqaçal qəsəbəsi ərazisində həyata keçiriləcək layihə ilə əlaqədar geniştərkibli işgüzar görüş keçirilmişdir.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov, rayon icra hakimiyyətinin aidiyyəti struktur bölmələrinin rəhbərləri və əməkdaşları, TotalEnergies EP Absheron B.V. şirkətinin nümayəndələri, həmçinin layihənin həyata keçirilməsində iştirak edən BCC Group şirkətinin nümayəndələri iştirak etmişlər.
Görüşün əsas məqsədi Abşeron YTİ Layihəsi çərçivəsində həyata keçiriləcək Mərkəzi Emal Zavodunun tikintisi ilə bağlı görüləcək işlərin koordinasiyasını təmin etmək, TotalEnergies EP Absheron B.V. şirkəti tərəfindən cəlb olunmuş subpodratçı şirkət vasitəsilə tikinti ərazisində təhlükəsizlik tədbirlərinin təşkili, iş şəraitinin yaradılması, layihənin icrası zamanı yerli sakinlərin məşğulluğunun artırılması və onlar üçün yeni iş imkanlarının yaradılması istiqamətində görüləcək tədbirləri müzakirə etmək olmuşdur.
Bildirilmişdir ki, qeyd olunan işlər Qaradağ rayonu, Sanqaçal qəsəbəsi ərazisində Abşeron Layihəsi üçün ayrılmış sahələrdə həyata keçiriləcəkdir.
Tədbirdə layihənin icra vəziyyəti, tikinti işlərinin mərhələləri, nəzərdə tutulan fəaliyyət istiqamətləri, ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi, habelə həyata keçiriləcək işlərin rayonun sosial-iqtisadi inkişafına verəcəyi töhfələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Qeyd olunmuşdur ki, Abşeron yatağının Tammiqyaslı İşlənməsi Layihəsi Azərbaycanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, ölkənin təbii qaz hasilatının artırılması və ixrac potensialının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan layihələrdən biridir. Layihənin uğurla icrası regionun iqtisadi inkişafına mühüm töhfə verəcəkdir.
TotalEnergies EP Absheron B.V. və BCC Group şirkətlərinin nümayəndələri tərəfindən layihənin texniki göstəriciləri, icra qrafiki, tikinti prosesinin təşkili və qarşıdakı mərhələlər barədə ətraflı təqdimat edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Görüş zamanı tikinti prosesinin aidiyyəti dövlət qurumları ilə sıx koordinasiya şəraitində həyata keçirilməsinin, təhlükəsizlik tələblərinə ciddi riayət olunmasının, ətraf mühitin mühafizəsinin təmin edilməsinin və yerli əhali ilə səmərəli əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.
Sonda layihənin uğurla həyata keçirilməsi məqsədilə tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmiş və əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsi barədə razılıq əldə olunmuşdur.






