Şriftin ölçüsü :

Saytın rəngi :

“20 yanvar faciəsi xalqımızın qan yaddaşıdır”

19 yanvar 2018 | 11:00

Qaradağ rayonunun bütün ümumtəhsil məktəblərində 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbirlər  planı  hazırlanmış, bütün məktəblərdə  20 yanvar faciəsi  ilə  əlaqədar  anım günü  qeyd  olunmuşdur. Faciə  ilə əlaqədar   təhsil  müəssisələrində divar qəzetləri çıxarılmış, rəsm sərgiləri təşkil olunmuş və inşa yazı müsabiqəsi keçirilmişdir. Bütün məktəblərdə birinci saat dərslər 20 yanvar faciəsinə həsr edilmiş, açıq dərslər keçirilmiş və ədəbi-bədii kompozisiyalar təşkil olunmuşdur.
Rayonun Lökbatan qəsəbəsindəki S.Məhərrəmov adına 106 saylı tam orta məktəbdə də faciənin 28-ci ildönümü ilə bağlı “20 yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilmişdir. Dövlət himninin oxunmasından sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla 20 yanvar faciəsi zamanı həlak olanların xatirəsini yad etdilər.
Tədbirdə məktəbin direktoru Təranə Qasımova çıxış edərək bildirdi ki, dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir. Bu elə bir tarixdir ki, bizdən sonrakı nəsillər də xalqımıza qarşı yönələn bu cinayətin törədilmə səbəblərini öyrənəcək, əlləri yüzlərlə günahsız adamın qanına batmış cəlladları, onların əlaltılarını lənətləyəcək, 20 yanvar faciəsi zamanı işgəncələrə məruz qalan vətən övladlarını zaman-zaman xatırlayacaqlar. 
Sonra məktəbin ibtida sinif müəllimi Səidə İbrahimova çıxış edərək, bu kədərli faciənin iyirmi səkkizinci ildönümü günündə 20 yanvar  şəhidlərinin əziz xatirəsini bir daha yad etmiş, onlara Allahdan rəhmət diləmiş, həlak olanların yaxınlarına, doğmalarına, bütün Azərbaycan xalqına bir daha  dərin hüzünlə başsağlığı vermişdir. Qeyd etmişdir ki, həmin günlər heç vaxt unudulmamalı və Qaradağ rayonunun bütün ümumtəhsil məktəblərində müəllimlər şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında səylərini artırmalıdırlar.
Sonra 1d  sinif şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu. Uşaqların söylədikləri 20 yanvar faciəsindən bəhs edən şerlər, şagirdlərin ifasında səslənən musiqi nömrələri,  hazırladıqları səhnəciklər böyük maraqla qarşılandı.
Tədbirin sonunda  məktəbin məktəbin direktoru Təranə Qasımova çıxış edərək, birincilərin Vətən sevgisini yüksək dəyərləndirdi və qeyd etdi ki, yetişməkdə olan gənc nəsil üçün  bu tarix, 20 yanvar faciəsi qan yaddaşı olmaqla bərabər həm də qəhrəmanlıq səhifəsi olaraq yaddaşlarda daim iz salacaqdır.

Keçidlər