Ələt qəsəbəsində yeni salınmış abad məhəllənin açılışı
29 dekabr 2017-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Ələt qəsəbəsinin Sülh küçəsində yeni salınmış abad məhəllənin açılışında iştirak etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və rayon İcra hakimiyyəti başçısının səyyar qəbul-görüşündə Ələt qəsəbə sakinlərinin müraciətləri nəzərə alınaraq çoxmərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə yaradılmış nümunəvi abad məhəllənin açılış mərasimi keçirilmiş və sakinlərin istifadəsinə verilmişdir.
Açılış mərasimində rayon İcra hakimiyyəti başçısı aparatı, kommunal strukturların, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
Açılış mərasimində çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətləri, onun siyasi irsinin təbliğinin əhəmiyyəti, ulu öndərin siyasi-iqtisadi və sosial kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və digər aktual məsələlərdən danışaraq, ölkə Başçısının yerli İcra Hakimiyyətləri və yerli özünüidarəetmə orqanları qarşısında əhalinin sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsinə dair verdiyi tapşırıqlar, bu sahədə kompleks tədbirlərin keçirilməsinə xidmət edən Dövlət Proqramlarının icrası vəziyyətinə də toxunmuşlar.
Açılış mərasimində iştirak edən ağsaqqallar çıxış edərək əhalinin sosial problemlərinin həlli istiqamətində Qaradağ rayonunda müsbət təcrübənin olduğunu və bu işlərin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd etdilər.
Çıxış edən sakinlər nümunəvi abad məhəllənin yaradılmasına görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyətinə öz minnətdarlıqlarını çatdırdılar.