“Xoş gəlmisən təzə il”
31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayonun bütün ümumtəhsil müəssisələrində bayram şənlikləri keçirilir.
28 dekabr 2017-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki S.Məhərrəmov adına 106 nömrəli tam orta məktəbdə də 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən “Xoş gəlmisən təzə il” adlı bayram tədbiri keçirilmişdir.
Məktəbin direktoru Təranə Qasımova tədbiri açaraq 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə məktəbliləri təbrik etdi və onlara gələcək təhsil illərində uğurlar arzuladı.
Daha sonra yeni ilin mahiyyəti haqqında danışan ibtidai sinif müəllimi Səidə İbrahimova çıxışında bildirdi ki, Yeni il bayramı dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bu bayramı uşaqlar səbirsizliklə gözləyirlər. Bayram ərəfəsində ətrafdakı canlanma bayram əhval ruhiyyəsi uşaqlara xoş təsir bağışlayır.
S.İbrahimova daha sonra 31 Dekabr tarixinin Azərbaycan millətinin ümumdünya birlik günü olduğunu da qeyd edərək, bu bayramın ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynadığını, böyüklər kimi uşaqların da bir azərbaycanlı olaraq vətənpərvərlik hissi ilə fəxr etdiklərini bildirdi.
Sonra isə uşaqların ifasında səslənən biri-birindən maraqlı şeir, mahnı və səhnəciklər Yeni ilqabağı hər kəsin sevincinə səbəb oldu.
Tədbir Lökbatan qəsəbəsindəki “Cırtdan park”ında nağıl qəhrəmanları ilə keçirilən görüşdə müxtəlif oyun və viktorinalarla davam etdi.
Tədbiri yekunlaşdıran məktəbin direktoru Təranə Qasımova şagirdlərin rəngarəng çıxışlarını yüksək dəyərləndirərək, onlara növbəti ildə təhsildə böyük uğurlar əldə edilməsini, sağlam və firavan həyat arzuladı.