“3 dekabr – Beynəlxalq Əlillər günü” münasibətilə yarışlar və stolüstü oyunlar keçirildi.
01 dekabr 2017-ci il tarixdə “3 dekabr – Beynəlxalq Əlillər günü” münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 saylı Xüsusi İnternat məktəbinin şagirdləri arasında voleybol və stolüstü tennis idman növləri üzrə yarışlar, “Müşviq” adına Qaradağın Əlil Uşaqlara Yardım İctimai Birliyinin uşaqları arasında isə stolüstü oyunlar (şahmat, dama, domino) keçirildi. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları Adil Ağayev və Salman Abdulov, “Müşviq” adına Qaradağın Əlil Uşaqlara Yardım İctimai Birliyinin sədri Validə Abbasova iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov əlil uşaqlara göstərilən dövlət qayğısından, yaradılan şəraitdən və eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən irimiqyaslı xeyriyyə aksiyalarından danışdı. Bu cür tədbirlərin keçirilməsində əsas məqsədin əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etməkdən, istedadlarının üzə çıxarılması və dəstəklənməsindən ibarət olunduğu qeyd etdi. Birliyin sədri Validə Abbasova uşaqların, o cümlədən əlil uşaqların sosial məsələlərinin rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanmasını, bu yönümdə görülən işləri iştirakçıların nəzərinə çatdırdı.
Tədbirin ikinci hissəsi əlil uşaqlar arasında yarışlarla davam etdirildi.
Əlil uşaqların böyük maraqla iştirak etdiyi yarışların sonunda qaliblər fəxri fərmanlarla və hədiyyələrlə mükafatlandırıldılar.