Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqlarının müdafiəsi – gələcəyimizin təminatıdır”

14 noyabr 2017 | 11:00

14 noyabr 2017-ci il tarixdə Qaradağ Gənclər Evində “20 noyabr – Ümumdünya Uşaq Hüquqları günü”nə həsr olunmuş tədbirlər keçirildi. Uşaqlarla görüşdə Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Yusif Nəsibov, Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov, Qaradağ rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru Aidə Şirinova, Müşfiq adına Qaradağ rayonunun Əlil Uşaqlarına Yardım İctimai Birliyinin sədri Validə Abbasova, Sosial Müdafiə Nazirliyi yanında Qaradağ rayon Dövlət Sosial Fondu şöbəsinin əməkdaşları Orxan Babayev və Rza Mirzəyev iştirak edirdi.
Gənclər evində yaradılmış şəraitlə qonaqlar tanış olduqdan sonra Art klubda nümayiş etdirilən rəsm sərgisinə baxış keçirildi. Daha sonra tədbir dəyirmi masada davam etdirildi.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyd etdi ki, BMT tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası” tarixi Ümumdünya Uşaq Hüquqları” günü kimi tanınır. Azərbaycan da həmin beynəlxalq təşkilatın üzvü kimi bu istiqamətdə əməli tədbirlər həyata keçirir. Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr-20 noyabr tarixlərində uşaq hüquqları aylığı çərçivəsində ölkə ərazisində silsilə tədbirlər keçirildiyini nəzərə çatdırdı. Görüşdə həmçinin uşaq hüquqlarının müdafiəsi mexanizmləri, BMT-nin müvafiq konvensiyasına uyğun olaraq qəbul edilmiş “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının qanunundan və bu sahədə görülmüş işlərdən söhbət açıldı. Uşaqların hüquqlarının müdafiəsi, onların öyrənilməsi və təbliğ edilməsi ilə bağlı fikir mübadilələri aparıldı.
Keçirilən görüşlə paralel olaraq Gənclər Evinin digər klublarında uşaqlar arasında “Mənim hüquqlarım” mövzusunda test üsulu ilə bilik olimpiadası və ingilis dilində “Nə, harada, nə zaman” intellektual oyunu keçirildi.
Görüşün sonunda intellektual oyunların qalibləri müvafiq dərəcəli diplomlar və medallarla təltif edildilər.

Keçidlər