Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasına həsr olunmuş tədbir keçirildi

11 noyabr 2017 | 11:00

11 noyabr 2017-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiyasına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, rayon İcra hakimiyyətinin əməkdaşları, ziyalılar, məktəb direktorları, KİV nümayəndələri, valideynlər iştirak ediblər.
İlk öncə məktəblilər ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini yad ediblər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov bildirdi ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalarının təşkil olunması artıq ənənə halını almışdır. Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır. Əvvəlki illərdə iştirak edən şagirdlərin zəngin və xoş təəssüratlar ilə döndüklərini qeyd edərək bu səfərində çox uğurlu və faydalı olacağına əmin olduğunu vurğuladı.
Bildirdi ki, tur-aksiya çərçivəsində 11-14 noyabr tarixlərində Qaradağ rayonundan olan 40 məktəbli Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfər edəcək və eyni zamanda, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər. Gəncə şəhərində Qədim qala divarları, Gəncə tarix diyarşünaslıq muzeyi, “İmamzadə” Kompleksi, Nizami Gəncəvinin məqbərəsi, Şəmkirdə “Orta əsr Şəmkir şəhəri”, Alman kilsəsi, “İstiqlal” parkı, Göygöldə Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, sonuncu alman Viktor Klaynın ev muzeyi, Göygöl milli parkı və digər məkanlara  ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon təşkilatının sədri Maqsud Heydərov şəhid ailələrinə, Qarabağ uğrunda döyüşən, əlil olan insanlara diqqət və qayğı göstərilməsinin vacibliyindən danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib. O, həmçinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, 2016-cı ilin aprel döyüşlərində əldə olunmuş uğurlar, “Böyük qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması barədə də məktəblilərə məlumat verib.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov bildirib ki, Azərbaycan artıq dünya miqyasında idman ölkəsi kimi tanınır. Son illərdə ölkəmizdə gedən sürətli iqtisadi inkişaf idmanın müasir texniki bazasının yaradılmasına zəmin yaratmış, xeyli tikinti-quruculuq işləri görülmüşdür. İndi rayonlarda da müxtəlif beynəlxalq yarışların keçirilməsinə imkanlar yaranır, müasir tələblərə cavab verən olimpiya idman kompleksləri fəaliyyət göstərir.
Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər ölkə başçısının və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirdilər və gənc nəsil üçün yaradılan şəraitdən söz açdılar.
Sonda məktəblilər rayon İcra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, müəllimlər və valideynlərin iştirakı ilə Gəncə şəhərinə təntənəli şəkildə yola salındılar.

Keçidlər