“Mən Konstitusiyanı öyrənirim” bilik olimpiadası
10 noyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində “12 noyabr – Konstitusiya günü” münasibətilə Qaradağ rayonu məktəblərinin yuxarı sinif şagirdləri arasında “Mən Konstitusiyanı öyrənirəm” adlı test üsulu ilə bilik olimpiadası keçirildi. Tədbirin açılış mərasimində çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin sədri olduğu komissiya tərəfindən layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan və 1995-ci il 12 noyabr tarixində referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycanın dövlət və hüquq tarixinin şanlı səhifələrindən biridir. Rayon rəhbərliyinin təmsilçisi Konstitusiyanın öyrənilməsi və təbliğ edilməsinin, böyüməkdə olan nəslin nümayəndələrində təhsil illərindən başlayaraq Konstitusiya və qanunlara hörmət hissini aşılamağın, onlarda hüquq düşüncəsininin formalaşmasının müasir dövrün tələblərindən irəli gələn vəzifə olduğunu bildirdi. Hər kəsin hüquq və vəzifələrini bilməsi, onların dərk edilərək dürüst yerinə yetirilməsinin də vacibliyi məktəblilərin nəzərinə çatdırıldı.
Yarışın qayda və şərtləri münsiflər heyəti tərəfində izah olunduqdan sonra bilik olimpiadasına start verildi. Olimpiadanın məqsədi Konstitusiyanın öyrənilməsini daşıdığı üçün 30 sualın hamısı yalnız Azərbaycan Respublikasının Konstitusiyasına aid tərtib olunmuşdu.
Əsasnaməyə uyğun olaraq sualların cavablandırılması üçün müəyyən olunmuş vaxt bitdikdən sonra sual kitabçaları yığılaraq qiymətləndirilməsi üçün münsiflər heyətinə təqdim olundu.
Şagirdlərin göstərdikləri nəticələrə əsasən I yerə 127 № li məktəbin IX sinif şagirdi Əliyev Cavad, II yerə 223 № li məktəbin XI sinif şagirdi Niftəliyev Sübhan, III yerə 106 № li məktəbin XI sinif şagirdi Şirinzadə Səbinə layiq görüldü. Qaliblər fəxri fərmanlar və medallarla mükafatlandırıldılar.