Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklərə yox deyək!”

08 noyabr 2017 | 11:00

08 noyabr 2017-ci il tarixində Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən 9 nömrəli Xüsusi İnternat məktəbin akt zalında rayon məktəblilərinin iştirakı ilə “Narkotiklərə yox deyək!” mövzusunda  toplantı keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Azərbaycan Respublikası “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı  Mübarizə üzrə” Dövlət Komissiyasının İşçi qrupunun məsul işçisi Raqif Allahverdiyev, Səhiyyə Nazirliyinin həkim-narkoloqu Vəfa Əliyeva,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərvanə Əsgərzadə, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Tanrıverdi  Aydınov, Qaradağ Rayon Polis İdarəsinin Şəxsi heyətlə iş üzrə köməkçisi polis polkovnik-leytenantı Yaşar İsayev  və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir. Azərbaycan Respublikası həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirmiş, narkomanlıqla mübarizədə müsbət nəticələrin eldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.
Daha sonra çıxış edən digər natiqlər narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə vurduğu fəsadlardan söz açdılar. Narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olduğunu bildirdilər. Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəal rol oynamasının zəruriliyi diqqətə çatdırıldı. Narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsi ilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər. 
Tədbirin sonunda iştirakçılara mövzuya uyğun buklet paylandı.

Keçidlər