“Mənim üçrəngli bayrağım”
08 noyabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində “9 noyabr-Dövlət Bayrağı günü”nə həsr olunmuş “Mənim üçrəngli bayrağım” mövzusunda Qaradağ rayon məktəbliləri arasında inşa-yazı, rəsm və şeir müsabiqələrinin final mərhələsi keçirildi. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin məsul əməkdaşı Tomris Hacıyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin şöbə müdiri Sübhan İbişov, Qarabağ müharibəsi Əlilləri və Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının sədri Maqsud Heydərov, müharibə veteranları, fəal gənclər və məktəblilər iştirak edirdi.
Tədbir Heydər Əliyev Mərkəzinin foyesində, girişdən solda qövsvari formada rayon məktəblilərinin işlərindən ibarət “Mənim üçrəngli bayrağım” mövzusunda rəsm sərgisinə baxış və qiymətləndirilməsi ilə başladı.
Mərkəzin konfrans zalında məktəblilər arasında keçirilən şeir müsabiqəsində rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova müsabiqə iştirakçılarını salamlayaraq onları “Dövlət Bayrağı günü” münasibətilə təbrik etdi.
Üçrəngli bayrağın təsisolma tarixini, yad qüvvələrin onu yaddaşlardan silmə cəhdlərini nəzərə çatdıran çıxışçı qeyd etdi ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin həmin bayrağı Muxtar respublikanın bayrağı kimi qəbul olunaraq ikinci dəfə rəsmi surətdə qaldırıldı və yalnız Ulu Öndərin belə bir tarixi addımından sonra 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı imzalanmış Sərəncamı da xüsusilə vurğulandı. Söylənildi ki, hal-hazırda Bakıda Dövlət Bayrağı meydanında Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyində 162 metr hündürlükdə ucalır.
Şeir müsabiqəsinin qayda və şərtləri izah olunduqdan sonra şeir müsabiqəsinə start verildi. Şagirdlər böyük ruh yüksəkliyi ilə Azərbaycan şairlərinin bayraq haqqında şeirlərini söylədilər və həmçinin bədii kompozisiyalar da ifa olundu.
Rəsm, inşa-yazı və şeir müsabiqələrinin münsiflər heyətlərinin qiymətləndirmələri əsasında yekun protokolu tərtib olundu və qaliblər müəyyən edildi. Hər müsabiqə üzrə I, II, III yerləri tutmuş məktəblilər və həmçinin tədbirin təşkil olunması və keçirilməsində yaxından iştirak etmiş rayon fəallarına da mükafatlar təqdim olundu.