Şriftin ölçüsü :

Saytın rəngi :

Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının prezidenti Van Veyquanın və onu müşaiyət edən nümayəndə heyəti Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovla görüşdü

22 sentyabr 2017 | 11:00

22 sentyabr 2017-ci il tarixində Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzində Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının prezidenti cənab Van Veyquanın və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun işgüzar görüşü olmuşdur.  Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının prezidenti cənab Van Veyquanın işgüzar görüşdə 12 nəfərdən ibarət nümayəndə heyəti müşahidə edirdi.
Görüşü giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ölkəmizə və onun paytaxtı Bakı şəhərinə işgüzar səfər edən Çin Xalq Respublikasının Sosial Elmlər Akademiyasının prezidenti cənab Van Veyquanu salamlamışdır. Bildirmişdir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ölkəmizin  sosial-iqtisadi inkişaf strategiyası  ötən son 14 il ərzində Prezident cənab İlham Əliyev tərəfindən daha da uğurla inkişaf etdirilmişdir. Həyata keçirilmiş uğurlu strategiya nəticəsində Azərbaycan dövləti bütün sahələrdə uğurlar qazanmış və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirmşdir.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra bir çox inkişaf etmiş ölkələrlə xüsusilə Avropa və Asiya ölkələri ilə bütün sahələrdə, o cümlədən iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələr qurmuşdur. Bu əlaqələr içində ən önəmlilərdən biri də Çin Xalq Respublikası ilə olan əlaqələrdir.
Azərbaycan və Çin arasında tarixən ticarət və mədəni əlaqələr mövcud olub. Çindən başlayan Böyük İpək yolu Azərbaycandan keçməklə Qafqaza və oradan Qara Dəniz vasitəsilə Avropaya qədər uzanmışdır.
Ötən son 25 il ərzində iki ölkə arasında ikitərəfli münasibətlər və diplomatik nailiyyətlər uğurla həyata keçirilmişdir.    
Ölkələrimiz BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir. Bu əməkdaşlığın nəticəsidir ki, 2017-ci ilin ötən son 7 ayı ərzində ölkələrimiz arasında qarşılıqlı xarici ticarət dövriyyəsinin ümumi həcmi 776 milyon ABŞ dolları təşkil etmişdir.
2003-cü ildən Çin tərəfindən irəli sürülən qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsü ölkəmiz tərəfindən də dəstəklənir.
“Bir kəmər-bir yol” strategiyası çərçivəsində Asiyadan başlayan və Avropaya, Sakit okeana yönələn 6 müxtəlif nəqliyyat dəhlizi təklif olunur. Dünyanın məşhur nəşrləri və ekspertləri bu marşrutlar arasında ən ciddi alternativ kimi Çin-Qazaxstan-Azərbaycan–Gürcüstan-Türkiyə marşurutunu qeyd edirlər.
Tarixi İpək Yolunun bir hissəsi kimi Qərb və Şərq arasında nəqliyyat körpüsü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın aylarda istifadəyə verilməsi Çin mallarının Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropa ölkələrinə çatdırılmasında yeni ən qısa, əlverişli və optimal marşrut kimi xidmət edəcəkdir.       
Əlverişli coğrafi mövqeyə malik olan və tarixən ticarət dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin bu üstünlüyündən səmərəli istifadə olunması üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən strateji qararlar qəbul edilib.
Bu istiqamətdə mühüm tədbirlərdən biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasıdır.
Yeni Bakı Limanının da daxil olduğu Azad Ticarət Zonası ilkin mərhələdə 400 ha, daha sonra isə 1000 ha ərazidə yerləşəcəkdir. Burada əlavə dəyər yaradan istehsal və xidmətlərin, o cümlədən loqistika, neft-kimya, əczaçılıq, kənd təsərrüfatı, mebel istehsalı və sair sahələrinin qurulması nəzərdə tutulub. Birləşmiş Ərəb Əmirliklərinin tanınmış və dünya üzrə 78 terminala sahib olan “DP World” şirkəti Ələt Azad Ticarət Zonasının inkişaf planını hazırlamış və cari ilin may ayında hökumətə təqdim edib.
Azərbaycan iqtisadi və siyasi baxımdan sabit, əlverişli investisiya mühiti olan və xarici sərmayəçilər üçün cəlbedici ölkədir.  
Azərbaycan hökumətinin ölkəmizdə qeyri-neft sektorunun inkişafına verdiyi böyük  önəm, həmçinin vergi, gömrük sistemlərinin təkmilləşdirilməsi və lisenziyaların verilməsi qaydalarının sadələş-dirilməsi istiqamətində həyata keçirdiyi islahatlar xarici şirkətlərin fəaliyyətinin inkişafına töhfə verməkdədir.
Azərbaycanın ən iri sənaye mərkəzlərindən biri olan Qaradağ rayonu ölkəmizin iri neft-qaz və ağır sənaye müəssisələrinin yerləşdiyi məkanlardandır. Hazırda rayon ərazisində 90 sənaye müəssisəsi var ki, onlardan 22-si respublika əhəmiyyətli iri istehsal obyektidir.   
Qaradağ rayonu Bakı şəhərinin ümumi ərazisinin 51 faizini təşkil edir. Rayonun ümumi ərazisi 1080 kv.km, əhalisi 121 min nəfər olmaqla 11 yaşayış məntəqəsini özündə birləşdirir.    
Qaradağ rayonu  Çin Xalq Respublikasının bir sıra vilayətləri ilə iqtisadi və mədəni əlaqələri genişləndirilmiş, qarşılıqlı səfərlər və işgüzar görüşlər keçirilmiş, əməkdaşlığın inkişaf etdirilməsinə dair müvafiq razılaşmalar əldə edilmişdir.   
Belə ki, ötən müddət ərzində Rusiya Fedarasiyasının Volqoqrad, Ukrayna Respublikası Kiyev Vilayətinin İrpen, Hollandiyanın Rotterdam şəhəri  ilə qardaşlaşmış,  Çin Xalq Respublikasının Çunçinq şəhərinin Çuzulunpo,  Dalyan şəhərinin Yeni Cunpi rayonları və Şenzen şəhəri ilə həmçinin,  Koreya Respublikasının Seul şəhərinin Yonqsan rayonu  ilə “Dostluq və Əməkdaşlıq” haqqında Memorandum imzalanmışdır. 
Müvafiq olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, Çin Xalq Respublikasının Şenjen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası tərəfindən Qaradağ Rayonun Ələt qəsəbəsində 1000 hektar ərazidə “Sənaye Parkının” yaradılması təklif olunur. 
İlkin mərhələdə təklif olunan layihə üzrə sənaye və texnoparkların yaradılması, o cümlədən ağır və yüngül sənaye müəssisələrinin, sosial infrastruktur obyektlərinin, Loqistika mərkəzinin və yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur.  Qeyd olunan layihənin həyata keçirilməsi üçün ilkin olaraq təqribən 2 (iki) milyard manat həcmində sərmayənin yatırılması təklif olunur. Artıq sözügedən  layihə üzrə tərəflər arasında texniki-iqtisadi şərtlərinin detalları müzakirə edilməkdədir.
Çinin İctimai Elmlər Akademiyasının Prezidenti Van Veyquanın deleqasiya üzvlərini təqdim edərək, xüsusi vurğulamışdır ki, Çin şirkətlərinin Azərbaycan ilə əməkdaşlıq çərçivəsində birgə həyata keçirəcəyi layihələr Azərbaycan və Çin münasibətlərini, o cümlədən iqtisadi və mədəni əlaqələrimizi genişləndirəcəkdir.
Tədbir zamanı ikitərəfli layihələr haqqında geniş təqdimatlar olmuşdur.

 

Keçidlər