Azadlıqdan məhrum olmuş insanlar arasında intellektual oyun
19 sentyabr 2017-ci il tarixdə Qaradağ rayonu ərazisində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlardan ibarət komandalar arasında “Breyn-rinq” intellektual oyunu keçirildi.
Tədbirin açılış mərasimində çıxış edən Cəzaçəkmə müəssisəsinin rəis müavini ədliyyə polkovnik-leytenantı Natiq Mehdiyev qeyd etdi ki, Qaradağ rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq rayon Gənclər və İdman İdarəsi ilə birgə tərtib olunmuş tədbirlər planına əsasən məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və eyni zamanda onların milli və ümumbəşəri dəyərlərə yiyələnməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Əlavə edərək bildirdi ki, keçirilən Breyn-rinq oyunu da həmin tədbirlər planının tərkib hissəsidir.
Açılış mərasimindən sonra Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, oyunun münsiflər heyətinin sədri İlqar Qasımov komandaları oyunun qayda və şərtləri ilə tanış etdikdən sonra yarışa start verildi.
Bilik yarışının birinci və ikinci mərhələlərində komandaların göstərdikləri nəticələrə əsasən 4 komanda, “Zəngəzur”, “Azadlıq”, “Qaradağ” və “Şirvan” komandaları final turunda iştirak etmək hüququ qazanaraq mübarizəni davam etdirdilər. Daha yüksək bilik nümayiş etdirən “Zəngəzur” I yerə layiq görüldü. “Qaradağ” komandası II, “Şirvan” komandası III yerlərə sahib oldular.
Sonda I,II,III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplomlar və hədiyyələrlə mükafatlandırıldılar.