“Azərbaycan gəncliyi və milli-vətənpərvərlik hisslərinin tərbiyəsi”
16 sentyabr 2017-ci il tarixdə Qaradağ Gənclər Evində “Azərbaycan gəncliyi və milli-vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda Qarabağ müharibəsi veteranları, rayon ərazisində yerləşən hərbi hissənin zabitlərinin rayon gəncləri ilə görüşü keçirildi. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyə olunmasının “Dövlət Gənclər Siyasəti”nin həyata keçirilməsinin ən aktual məsələsi olduğunu söylədi. Qeyd olundu ki, vətənpərvərlik ruhunda tərbiyə olunmaq, vətənə əsl vətəndaş olmaq üçün ən gözəl vasitə Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənmək və onu özünün həyat amalına çevirməkdən ibarətdir. Dəvət olunmuş zabitlər vətənin qorumağın ən şərəfli peşə saydıqlarını və və bu yolda lazım gələrsə canını belə əsirgəməməyin hamının mənəvi borcu olduğunu bildirdilər. Çıxış edən gənclər, dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda və gənclərin vahid təşkilat altında birləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğuladılar. Gənclər adından çıxış edən Aydın Məmmədov ölkədəki gənclər hərəkatına göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdi. Digər çıxışçılar gənclərin intellektinin artırılması və onların dünya birliyinə inteqtasiya olunması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasından söz açdılar.