Şriftin ölçüsü :

Saytın rəngi :

“Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası”nın açılış mərasimi oldu

12 sentyabr 2017 | 11:00

 

Sentyabrın 12-də Qaradağ Təlim-İdman Bazasında “Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası”nın açılış mərasimi oldu. Açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aydın Hüseynov Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Abbasov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya və Dünya çempionları iştirak etdilər. Spartakiadanın baş hakimi Hicran Şərifov təşkilat komitəsinin rəhbərinə raport verdikdən sonra çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev idmançıları bu möhtəşəm idman bayramı münasibəti ilə təbrik edərək bildirdi ki, Respublikamızda bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artmaqdadır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın Ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlamış, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı göstərmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir. R.Abdullayev dövlətin idman siyasətinin həyata keçirilməsində SOCAR-ın daim fəallıq göstərməsindən söz açdı və Spartakiada iştirakçılarının sayının ilbəil artmasının sevindirici hal olduğunu bildirdi. Qeyd olundu ki, Neft zəhmətkeşlərinin builki idman yarışlarında 14 idman növü üzrə mübarizə aparan 31 komandanın tərkibində 1238 nəfər iştirak edir ki, onlardan da 201-i qadındır. Çıxışının sonunda R.Abdullayev Spartakiada iştirakçılarını bir daha təbrik etdi və yarışlarda onlara uğurlar arzuladı.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, veteran neftçi Zaməddin Həmşəyev Azərbaycanda idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən söz açdılar. Bildirdilər ki, paytaxtla yanaşı, Respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir və bu komplekslərdə yüksək səviyyəli idmançılar hazırlanır. Keçirilən ənənəvi Spartakiadanın ölkə idmanı üçün əhəmiyyətini vurğulayaraq, ölkədə bədən tərbiyəsinin və idmanın inkişafında və eyni zamanda gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsində neftçilərin xüsusi rolu olduğu qeyd olundu. Daha sonra idmançıların nümunəvi çıxışları odu.
Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri idmançılar qarşısında çıxış etdilər.
Sentyabrın 11-də start götürmüş Spartakiadaya ayın 17-də yekun vurulacaq.

 

Keçidlər