600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi
08 sentyabr 2017-ci il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində 2016-2017-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, məktəb direktorları, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlar iştirak edirdi.
Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ilk öncə ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlərlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzuladı. Qeyd etdi ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.
Qeyd edildi ki, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunların sayının artmasını dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.
Bundan əlavə rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bu il Qaradağ rayonunun əldə etdiyi yüksək nəticəni xüsusi vurğulayaraq bildirdi ki, ötən illərlə müqayisədə ali məktəblərə daxil olan məzunlarımızın nəticələri yüksəkdir.
Qaradağ rayonu üzrə orta məktəbi 2 nəfər qızıl medala layiq görülməklə 1408 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 924 abituriyentin 62,7 faizi, yəni 580 nəfəri tələbə adını qazandığı, onlardan 30 nəfərin isə 600-dən çox bal topladıqları diqqətə çatdırıldı.
Məzunlardan Məhərrəmova Nilgün Tarix qızı 682 bal, Tağıyeva Aidə Ələsgər qızı 681 bal və Qasımzadə Aydan Orxan qızı 676 bal toplayaraq Azərbaycanın ən yüksək ali təhsil ocaqlarında təhsil alma hüququ qazanmışlar.
Daha sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda ali məktəblərə 600-dən çox bal toplamış 30 məzuna, əlavə olaraq orta məktəbi qızıl medalla bitirmiş daha bir məzuna və tarix fənni üzrə Respublika Olimpiadasında birincilərin birincisi adına layiq görülərək qızıl medalla təltif edilmiş 9-cu sinif şagirdinə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən qiymətli hədiyyələr təqdim olundu.