Qaradağ Rayon İcra Hakimiyyətinin 2017-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi
18 iyul 2017-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin 2017-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 12 iyul 2017-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Yığıncaqdan öncə tədbirdə iştirak rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 12 iyul 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərini vurğuladı.
Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 may 2017-ci il tarixində Qaradağ rayonunda SOCAR-ın “Caspian Driling” Şirkətinin dəniz təchizat və loqistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində iştirak etməsi hesabat dövrünün ən yaddaqalan hadisələrindən olmuşdur.
Prezident cənab İlham Əliyev tərəfindən cari ilin əvvəlindən ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni innovasiyalar və texnologiyalar tətbiq etməklə müasir istehsal və xidmət sahələrinin yaradılmasının dəstəklənməsi, regionların iqtisadiyyatına yerli və xarici sərmayələrin cəlb edilməsi ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanları rəhbərləri qarşısında mühüm vəzifə və tapşırıqlar qoymuşdur.
Ölkə başçısı tərəfindən qarşıya qoyulmuş bütün vəzifə və tövsiyələrin yüksək səviyyədə icra edilməsi, rayonun sənaye potensialından, mövcud xammal və resurslardan səmərəli istifadə olunmaqla yerli və xarici sərmayələrin cəlb edilməsi, eləcə də, ixracyönümlü müəssisələrin yaradılması prioritet olaraq müəyyən edilmişdir.
Prezident cənab İlham Əliyev tərəfindən ölkədə biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının reallaşdırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması və yeni iş yerlərinin yaradılmasına dair konkret tələblər qarşıya qoyulmuşdur.
Dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ötən müddət ərzində rayonda əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılmışdır.
Belə ki, cari ilin əvvəlindən “Askorp” MMC tərəfindən Qaradağ rayonun Lökbatan qəsəbəsində müasir idman malları istehsalı, Qızıldaş qəsəbəsində isə müxtəlif üzlük daşlar və kərpic məmulatları istehsalı müəssisəsi yaradılmışdır. Ümumilikdə cəmiyyət tərəfindən hər iki müəssisə üzrə 4 milyon manatdan çox investiya qoyulmuş və 55 nəfər yeni iş yerləri ilə təmin edilmişdir.
Hazırda “Eskular Kommers” MMC tərəfindən Rayonun Sahil qəsəbəsində Neft-Kimya sənayesi avadanlıqları istehsalı zavodunun və “Monolit-D LTD” firması tərəfindən isə Ələt qəsəbəsində Sürtkü yağlarının istehsalı və satışı müəssisəsinin tikintisi davam etdirilir. Hər iki layihə üzrə ümumilikdə 26 milyon manat həcmində investisiya qoyuluşu nəzərdə tutulmuşdur. Müəssisələr tam başa çatdıqdan sonra 663 yeni iş yeri açılacaqdır.
Qeyd edilənlərlə yanaşı bildirmək istəyirəm ki, növbəti aylarda Qaradağ rayonu ərazisində “Gilan Holdinq” MMC tərəfindən müasir ət kəsimi və emalı müəssisəsinin, “Fidan” şirkəti tərəfindən Ələt qəsəbəsində tərəvəz turşusu istehsalı sahəsinin və “İnter Qlass” Səhmdar Cəmiyyəti tərəfindən Sahil qəsəbəsində şüşə qablar istehsalı zavodunun iki rəngli sobasının inşasına başlanacaqdır.
Bu istiqamətdə atılan mühüm addımlardan biri də martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsidir.
Həyata keçirilmiş tədbirlərin davamı olaraq cari ilin may ayının 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilmiş və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.
Ölkəmiz üçün çox vacib olan bu məsələyə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın çağırışına Qaradağ rayonunda fəaliyyət göstərən özəl sektor və biznes strukturları da qoşulmuşdur. Belə ki ötən müddət ərzində bu təşəbbüsə “Askorp” MMC, “Sədərək” ticarət mərkəzi, “RR - Şirkətlər Qrupu” və “Mətanət-A” şirkəti qoşularaq həmin sahibkarlıq subyektləri tərəfindən bu kateqoriyadan olan soydaşlarımız mənzillə təmin edilmişdir.
Məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov daha sonra bildirmişdir ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunmuşdur.
Qaradağ rayonunun sosial-iqtisadi həyatında da 2017-ci ilin yanvar-iyun ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur.
Belə ki, sənaye sahəsində 2017-ci ilin yanvar-iyun aylarında 459182 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 42,1 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 44,1 faiz təşkil etmişdir.
2017-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 37032 min manat, rabitə müəssisələri tərəfindən isə 2 mln 48 min manat həcmində xidmət göstərilmişdir.
Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 758728 min manatlıq istehlak malları satılmışdır.
Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 90378 min manat məbləğində investisiyadan istifadə edilmişdir.
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 53 657 min manat təşkil etmişdir.
Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, cari ilin birinci yarısında 1301 ailəyə və ya 5203 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardım təyin edilmişdir.
Məruzə ətrafında Qaradağ Rayon Su Kanal idarəsinin rəisi Əhliman Mansurov, “İnter Qlass” Səhmdar Cəmiyyətin sədri Şaiq Mirzəyev çıxış edərək rayon İcra hakimiyyətinin 2017-ci ilin birinci rübündəki fəaliyyətini qənaətbəxş hesab etdirklərini bildirdilər.
İclasda iştirak edən Milli Məclisin deputatı Mixail Zabelin, Yap Qaradağ Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan, ölkə başçısı cənab Prezidentin son zamanlar imzaladığı sərəncamları və verdiyi fərmanları geniş təhlil edərək, rayon seçicilərini narahat edən problemlərdən, onların sosial sifarişlərindən bəhs etdilər.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.
Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmişdir.
Rayon ictimaiyyətinə ölkə başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verdi.