Həsən bəy Zərdabinin 170 illiyinə həsr olunmuş “Maarifçi ömrü” adlı tədbir keçirilmişdir.
27 noyabr 2012-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına mədəniyyət sarayında görkəmli maarifçi, milli mətbuatımızın banisi, alim və ictimai xadim Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyət başçısının müavinləri Mahmud Qubatov, Zəfər Əliyev, H.Zərdabi adına dünya Azərbaycanlıları Xeyriyyə cəmiyyətinin prezidenti, jurnalist, şair, dramaturq Səttar Zərdabi, Azərbaycan Dillər Universitetinin fəlsəfə kafedrasının professoru Məhəmməd Teymurlu, yazıçı, publisist Zöhrə İsayeva, Kaspi qəzetində şöbə müdiri Dayandur Sevgin, filologiya elmləri namizədi, şair İslam Sadıq və rayon ictimaiyyəti iştirak etmişlər.
İlk öncə H.Zərdabinin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunmuşdur. Çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuatın banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq, təbiətşünas alim H.Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında imzaladığı 4 iyun 2012-ci il tarixli Sərəncamını xalqımızın mədəni-ictimai fikir tarixinə verilən diqqət kimi qiymətləndirmişlər. H.Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrinə başlanılmaqla Azərbaycanda milli mətbuatın təməlinin qoyulduğu qeyd olunaraq, milli mentalitetin, ədəbi-bədii fikrin, maarifçilik, demokratik ideyaların formalaşmasında, sosial-iqtisadi məsələlərin həllində bu nəşrin müstəsna tarixi xidmətləri olduğu vurğulanmışdır.
Daha sonra tədbir ədəbi-bədii kompazisiya ilə davam etmişdir.