İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qaradağ rayonu "Səngəçal qəsəbə məscidi” dini icması tərəfindən “İslam - barışıq və həmrəylik dinidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin müdir müavini Ceyhun Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, “Sanqaçal qəsəbə məscidi” dini icmasının sədri Şirinbala Zərbəliyev, məscidin imamı Qafur Zahidov, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Səngəçal qəsəbə məscidinin imamı Qafur Zahidov tədbirlə bağlı ümumi məlumat verərək, belə tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. A.Kazımov tarix boyu xalqlara və millətlərə hörmətlə yanaşan, müxtəlif milli-mənəvi dəyərlərin rahat bir şəkildə yaşandığı bir ölkə olan Azərbaycanın İslam Həmrəyliyinin qorunmasında və inkişafında öndə gedən ölkələrdən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev birlik və bərabərliyin İslam dininin təməl prinsipləri olduğunu vurğulayıb. Bildirildi ki, İslam həmrəyliyi dini radikalizmə qarşı ən effektiv mübarizə metodudur.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.