“Narkomanlığa qarşı mübarizə ümumxalq işidir” mövzusunda toplantı
02 iyun 2017-ci il tarixdə Müşfiqabad qəsəbəsindəki 274 saylı tam orta məktəbdə “Narkomanlığa qarşı mübarizə ümumxalq işidir” mövzusunda toplantı keçirildi.
Toplantıda Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov, Bakı Narkoloji Diapanserin həkim-narkoloqu Vəfa Əliyeva, psixoloq Zümrüd Allahverdiyeva, müəllimlər və şagirdlər iştirak edirdi.
Yığıncaqdan öncə müvafiq mövzuda rayon gənclərinin çəkdikləri rəsmlərdən ibarət təşkil olunmuş sərgiyə baxış keçirildi.
Tədbiri giriş sözü ilə açan 274 saylı məktəbin direktoru A.Cəfərov dəyirmi masanın keçirilmə səbəbini, belə qəbildən olan maarifləndirmə tədbirlərinin məktəbli gənclər üçün çox önəmli olduğunu, aparılan profilaktik işlərin böyüməkdə olan nəslin neqativ vərdişlərə meylliliyinin qarşıcının alınmasında əvəzsiz rol oynadığını söylədi. Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov narkomanlığa qarşı mübarizəni kütləvi surətdə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2013-2018-ci illər üçün Narkotik vasitələrin, psiхotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının yaradılmasını və həmin komissiyanın fəaliyyəti dövründə görülmüş işlər barədə iştirakçılara məlumat verərək keçirilən toplantının həmin komissiyanın tədbirlər planının tərkib hissəsi olduğunu qeyd etdi.
Həkim-narkoloq V.Əliyeva yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən, o cümlədən narkomanlıqdan və onların fəsadlarından danışaraq həmin məsələnin bütün dövrlərdə aktual olduğunu söylədi. Çıxış edən aidiyyatı təşkilatların təmsilçiləri, həkim N.Əliyeva, psixoloq Z.Allahverdiyeva, müəllim F.Mirzəyeva, məktəbli Günay Mayılova narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər.
Tədbirin sonunda iştirakçılara narkomanlığı doğuran səbəblər, onların aradan qaldırılması yolları barədə əyani vəsaitlər, broşürlər paylandı.