Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu bir daha uşaqları sevindirdi

01 iyun 2017 | 11:00

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu böyük işlər görür. Fondun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır. 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist insani dəyərlərə əsaslanaraq, əsas fəaliyyət istiqamətlərindən biri kimi cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafını seçib. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah işləri digər qurumlar üçün örnək sayıla bilər. Fondun xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız olaraq xeyirxah əməllər təşkil edir.
Azərbaycanın Respublikasının Birinci vitse - prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva vaxtaşırı olaraq uşaq evləri və internat məktəblərində olur, xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkir, onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının aradan qaldırılmasında yaxından iştirak edir.
01 iyun 2017-ci il tarixində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təməli qoyulan Qaradağ rayonundakı IDEA Heyvanlara Qayğı Mərkəzində Bakı şəhərinin Xətai rayonundakı 3 nömrəli Uşaq Evinin 100 nəfərə yaxın uşağının iştirakı ilə bayram tədbiri keçirilmişdir.
IDEA Heyvanlara Qayğı Mərkəzinin direktoru Surxay Şükürov çıxış edərək, Heydər Əliyev Fondunun rəhbərliyi adından tədbirdə iştirak edən bütün uşaqları “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır.
Sonra baytar həkimlər şənlik iştirakçılarına mərkəzdə olan sahibsiz heyvanlar, onlara qulluq və müayinə olunmasını əyani şəkildə göstərərək, heyvanlara qayğı göstərilməsinin, eləcə də uşaq evləri və tədris müəssisələrində bu sahədə maarifləndirmə işlərinin bir qayda olaraq aparılmasının vacib olduğunu bildirdilər.
Tədbirdə bər-bəzəkli mərkəzdə rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə sevimli klounların bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların təbəssümü bu hədiyyəni onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi.
Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradıldı. Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa etdilər, məharətlərini göstərdilər. Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bu şənlik uşaqları çox sevindirdi.
Şənliyin sonunda uşaqlar üçün ziyafət təşkil edildi və hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olundu.
Bakı şəhərinin Xətai rayonundakı 3 nömrəli Uşaq Evinin rəhbərliyi göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.

Keçidlər