1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
“UŞAQLAR BİZİM SABAHIMIZDIR”
Uşaqlar bəşəriyyətin sabahı, bizim gələcəyimizdir. Bütün bəşəriyyət malik olduqlarının ən yaxşısını uşaqlara verməyə borcludur.
Hər bir dövlət, hər bir cəmiyyət gələcəyimiz olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Bu gün müstəqil Azərbaycan dövləti də bu mühüm məsələyə çox böyük qayğı ilə yanaşır.
Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyev həmişə uşaqlara böyük diqqət və qayğı ilə yanaşmış, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etmişdir. Çıxışlarının birində o, belə demişdir: “Həyatımız nə qədər çətin, ağır olsa da, uşaqlara diqqət və qayğı heç vaxt unudulmamalıdır. Çünki onlar bizim sabahımızdır”.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəqil dövlətçiliyimizin inkişafı, tərəqqisi yolunda həyata keçirdiyi məqsədyönlü siyasətin davam etdiriliməsi məhz gələcəyimiz olan uşaqların layiqli Vətən qurucularına çevrilməsidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da respublikamızda yaşayan uşaqlara daim böyük qayğı və diqqqətlə yanaşır, onlar dövlət qayğısı görürlər.
Qaradağ rayonunda da respublika rəhbərliyinin tapşırıqlarına uyğun olaraq hər il uşaqlarla bağlı müxtəlif tədbirlər həyata keçirilir.
31 may 2017-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Qaradağ rayonunun Sahil qəsəbəsindəki Müşfiq Əlil Uşaqlara Yardım İctimai Birliyində və Lökbatan qəsəbəsindəki 6 nömrəli Uşaq Somatik Sanatoriyasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənlikləri keçirildi. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon İcra hakimiyyətinin məsul işçiləri, Müşfiq Əlil Uşaqlara Yardım İctimai Birliyinin və 6 nömrəli Uşaq Somatik Sanatoriyasının, eləcə də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki C.Qaryağdıoğlu adına Musiqi Məktəbinin və mədəniyyət kollektivlərinin uşaqları iştirak edirdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Qeyd etdi ki, Ulu öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırmış, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirmiş, müxtəlif beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq fərman və sərəncamlar imzalamışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır. Bu siyasətin davamı olaraq son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur. Heydər Əliyev Fondunun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır.
Qaradağ rayonunda yerləşən mədəniyyət evlərinin və musiqi məktəblərinin kollektivlərinin iştirakı ilə şən musiqi sədaları altında davam edən hər iki tədbirdə uşaqlar həmyaşıdlarının göstərdikləri rəngarəng musiqi nömrələrini maraqla izlədilər.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olundu.