Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə tədbir keçirildi
05 may 2017-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Şəhidlər” abidə kompleksinin önünə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə əklilqoyma mərasimi keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şura üzvləri, müharibə veteranları, hərbiçilər, gənclər və rayon ictimaiyyəti iştirak edirdi.
İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov və Şura üzvləri abidə önünə hərbi vətənpərvərlik mövzusunda olan musiqi sədaları altında əklil və gül dəstələri qoydular.
Daha sonra rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri qoymaqla öz ehtiramlarını bildirdilər.
Daha sonra Böyük Vətən Müharibəsi veteranları və onların ailə üzvləri ilə YAP Qaradağ rayon təşkilatının inzibatı binasında görüş keçirildi.
İlk öncə Böyük Vətən və Qarabağ Müharibələrində həlak olanların, həmçinin bu ilin aprel ayında cəbhə xəttində həlak olmuş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov xalqımızın igid oğul və qızlarının qorxu bilmədən döyüşə getdiklərini qeyd etdi. Ulu Öndərin 94 illik yubileyi ərəfəsində olduğumuzu xatırladaraq Heydər Əliyevin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğuladı.
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 2 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı və 45 nəfər veteranlarla bərabər tutulan arxa cəbhə iştirakçısına maddi yardım göstərilmişdir.
Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq, respublikamızda, o cümlədən Qaradağ rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirərək, özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirdilər.