Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı-2017”: Su festivalı Qaradağ əhalisinə unudulmaz gün yaşatdı

03 may 2017 | 11:00

03 may 2017-ci il tarixində “Bakı-2017”nin Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Bakının Qaradağ rayonu oldu.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Qaradağ mərhələsinə mayın 3-də Abşeron rayonu ərazisində Masazır gölündən suyun götürülməsi ilə start verildi.
Abşerondakı Masazır gölü dünyada səkkiz “çəhrayı göl”dən biridir. Onun qeyri-adi rəngi suda və duzun tərkibində yaşayan mikroorqanizmlərlə izah olunur. Karate üzrə dünya və Avropa çempionatlarının qızıl medalçısı Sədi Namazov, boks üzrə dünya çempionatının qızıl medal mükafatçısı Fərhad Acalov, şahmat və rəsm həvəskarı Mirəkrəm Bağırlı “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Masazır gölünün suyu ilə dolduraraq Qaradağ rayonunda keçiriləcək su festivalına yola düşdülər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcəkdir.
Günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ İdman Təlim Bazasında daha bir möhtəşəm layihə, “Sports joys” –Regional İdman tədbiri” həyata keçirildi. Regionlarda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbligatı və gənclərin idmana cəlb edilməsi məqsədilə reallaşdırılan tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Bu məqsədlə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 5 ümumtəhsil məktəbinin şagirdləri arasında idman yarışları keçirildi. Məktəblilərin və eləcə də tamaşaçıların böyük marağına səbəb olan topla oynanılan bu yarışlarda rayonun Lökbatan qəsəbəsindəki F.Rəfiyev adına 166 nömrəli tam orta məktəbin şagirdləri 1-ci, Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbin şagirdləri 2-ci və C.Niftəliyev adına 233 nömrəli tam orta məktəbin şagirdləri 3-cü yerə çıxdılar. Qaliblər IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsi tərəfindən kubok və hədiyyələrlə mükafatlandırıldılar.
Oyunlarda IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri Rafael İskəndərov, Coşqun Rəhimov, Müşfiq Abbasov və Hacı Nuran da var idi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.
Mərasim axşam saatlarında Lökbatan qəsəbəsindəki  Heydər Əliyev adına Parkda keçirilən möhtəşəm su festivalı tədbirilə davam etdi. Tədbiri minlərlə sakin izlədi.
Festivalın əvvəlində iştirakçılara “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları haqqında məlumat verildi. Bildirildi ki, 50-dən çox İslam ölkəsindən olan üç mindən çox atlet idmanın 20 növü üzrə on yarış günü ərzində mübarizə aparacaqlar. Mayın 12-dən 22-dək davam edəcək yarışlar Bakının ən müasir 16 idman meydançasında təşkil olunacaq. İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədi İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişaf etdirilməsidir.
Daha sonra festival iştirakçıları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi uşağa təhvil verməsi görüntülərini izlədilər. Xəzər dənizindən götürülmüş suyun keçdiyi səyahət yolu nümayiş olundu. 
Görüntüləri izlədikdən sonra Masazır gölündən doldurulmuş su qabını daşıyan boks üzrə dünya çempionatının qalibi Fərhad Acalov, rayon sakini, şahmat və rəsm həvəskarı Mirəkrəm Bağırlı səhnəyə dəvət olundular. “Mirvari”, “Azərbaycan ritmləri” rəqs qruplarının, müğənnilər Aşıq Samirənin və Aşıq Əlinin çıxışları tamaşaçılara xoş ovqat bəxş etdi.
Festival möhtəşəm su effekti, lazer-şou və atəşfəşanlıqla başa çatdı.

Keçidlər