Şriftin ölçüsü :

Saytın rəngi :

“Palçıq vulkanları - dünya möcüzəsi”

21 aprel 2017 | 11:00

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm Nazirlikləri ilə birlikdə “Palçıq vulkanları - dünya möcüzəsi” adlı elmi-praktiki konfrans keçirilmişdir.
Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları, AMEA-nın alimləri və mütəxəssisləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Bakı Ali Neft Məktəbinin tələbələri, eləcə də Qaradağ rayon və Nardaran qəsəbə məktəbliləri və Qaradağ rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Əvvəlcə konfrans iştirakçıları Qaradağ rayonu ərazisindəki “Daşgil” palçıq vulkanı sahəsinə səyahət etdilər. “Daşgil” palçıq vulkanı ilə tanışlıq, alim və mütəxəssislərin maarifləndirici məlumatları iştirakçılara xoş təsir bağışladı.
Sonra Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Palçıq vulkanları - dünya möcüzəsi” adlı elmi-praktiki konfrans keçirildi. Konfransı giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov açaraq qonaqları salamladı. O qeyd etdi ki, yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanda yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Hələ 1982-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 4 palçıq vulkanına təbiət abidəsi statusu verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 avqust 2007-ci il tarixli 2315 nömrəli Sərəncamına əsasən «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu» yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir. Dövlət Təbiət Qoruğu statusu verilmiş palçıq vulkanlarının mühafizəsi və tədqiqi istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilməkdədir.
Qaradağ rayon icra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycanda neft hasilatı tarixinin bir çox səhifələrinin Qaradağ rayonunun ərazisində yerləşən Lökbatan palçıq vulkanı ilə bağlı olduğunu da qeyd etdi. Bildirdi ki, bu palçıq vulkanı Azərbaycanın fəaliyyətdə olan vulkanları içərisində ən fəallarından biri olub, təxminən hər 3-10 ildən bir püskürür. Püskürmələrin sayına görə "dünya rekordçusu"dur. Lökbatan palçıq vulkanı 1829-cu ildən başlayaraq 22 dəfə püskürmüşdür.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev çıxış edərək, Azərbaycanın təbii sərvətləri haqqında iştirakçılara ətraflı məlumat verdi və çıxışının sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılova Bilik Fondunun emblemi əks olunmuş xatirə hədiyyəsi və plageti təqdim etdi.
AMEA-nın Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineroloqiya üzrə elmlər doktoru, professor, Əməkdar Elm Xadimi Adil Əliyevin «Azərbaycan - palçıq vulkanları diyarıdır”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat Tibbi-bərpa İnstitutunun direktoru, tibb üzrə elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Əlişir Musayevin “Vulkan palçıqlarının müalicəvi əhəmiyyəti və klinik təbabətdə tətbiqi”, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənovun “Azərbaycan palçıq vulkanlarının turizm perspektivləri” və Bakı və Abşeron Palçıq vulkanları Dövlət -Təbiət Qoruğunun müdiri Ceyhun Paşayevin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları mühafizəsinin aktual aspektləri” mövzusunda çıxışları maraqla qarşılandı.
Çıxışlardan sonra qeyd olunan mövzuda müzakirələr keçirildi.

Keçidlər