Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin 2017-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi

17 aprel 2017 | 11:00

17 aprel 2017-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin 2017-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 aprel 2017-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Yığıncaqdan öncə tədbirdə iştirak rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 aprel 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərini vurğuladı.
Qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən ölkədə biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının reallaşdırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması və yeni iş yerlərinin yaradılmasına dair konkret tələblər qarşıya qoyulmuşdur.
Dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ötən müddət ərzində rayonda əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılmışdır.
Məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov daha sonra bildirmişdir ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunmuşdur
Qaradağ rayonunun sosial-iqtisadi həyatında da 2017-ci ilin yanvar-mart ayları ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələr əldə olunmuşdur.
Belə ki, sənaye sahəsində 2017-ci ilin yanvar-mart aylarında 191,253 mln manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 39 faiz təşkil etmişdir.
Qeyd etmək istərdim ki, 2017-ci ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 16 mln 495 min manat, rabitə müəssisələri tərəfindən isə 642 min manat həcmində xidmət göstərilmişdir.
Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 493 mln 234 min manatlıq istehlak malları satılmışdır.
Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 70 mln 296 min manat əsas fondlar istifadəyə verilmişdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 25 mln 840 min manat təşkil etmişdir. Əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, cari ilin birinci rübündə 1504 ailəyə və ya 6093 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardım təyin edilmişdir.
Qaradağ rayonu üzrə ümumilikdə ilin əvvəlindən aprel ayının 1-dək 1210 yeni iş yeri açılmış, 997 şəxs işlə təmin olunmuşdur.
“Askorp” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun Lökbatan qəsəbəsində icrasına başlanmış, müasir standartlara uyğun idman malları istehsalı və Qızıldaş  qəsəbəsində müxtəlif çeşiddə üzlük daşlar və kərpic istehsalı müəssisəsində tikinti işləri başa çatdırılmış və müvafiq texnoloji avadanlıqlar quraşdırılmışdır. Hazırda hər iki istehsal müəssisəsi üzrə ilk məhsul istehsalının sınaqları həyata keçirilir. Cari ilin may ayında müəssisələrin fəaliyyətə başlaması və 60 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. İstehsal olunacaq idman malları daxili bazarın tələbatını ödəməklə yanaşı yaxın xarici ölkələrin bazarlarına “Made in Azerbaijan” brendi kimi ixrac olunması da nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun Sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə”  8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarı ilə “Pilot layihə” formatında “Azkomfort” MMC və “Babək-94” MMC tikinti şirkətləri keçirilən tenderin qalibləri seçilmiş və həmin şirkətlərlə rayon İcra hakimiyyəti arasında müvafiq qaydada müqavilə bağlanmışdır. Bağlanmış müqavilə öhdəliklərinə müvafiq olaraq Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov və  28 May küçələrində qəzalı vəziyyətdə olan qamış tipli binalar sökülmüş və yerində yeni çoxmənzilli yaşayış binaların tikintisinə başlanmışdır. Hazırda “Azkomfort” MMC tərəfindən 7, “Babək-94” MMC tərəfindən isə 1 bina olmaqla, ümumilikdə 8 çoxmənzilli yaşayış binasının tikintisi davam etdirilməkdədir. Qeyd olunan çoxmənzilli yaşayış binalarının tikintisində 183 nəfər şəxs işləyir. “Azkomfort” MMC tərəfindən rayonun Lökbatan qəsəbəsində inşa olunan çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində iki uşaq baxcasının istifadəyə verilməsi də nəzərdə tutulmuşdur
Məruzə ətrafında “Bakı-Gəmiqayırma” zavodunun baş menecerinin müavini İmamverdi Həsənov, “Azkomfort” MMC-nin direktoru Əsgər Əsgərov çıxış edərək rayon İcra hakimiyyətinin 2017-ci ilin birinci rübündəki fəaliyyətini qənaətbəxş hesab etdirklərini bildirdilər.
İclasda iştirak edən Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan, ölkə başçısı cənab Prezidentin son zamanlar imzaladığı sərəncamları və verdiyi fərmanları geniş təhlil etdi.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmişdir.
Rayon ictimaiyyətinə ölkə başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verdi.

Keçidlər