“İslam həmrəyliyinin dini radikalizmlə mübarizədəki rolu” mövzusunda tədbir keçirildi
Aprelin 6-da Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Qaradağ rayonunda yerləşən 166 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“İslam həmrəyliyinin dini radikalizmlə mübarizədəki rolu” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin baş məsləhətçisi Faiq Ələkbərov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, məktəbin direktor müavini Xanım Xəlilova, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, Qaradağ rayonunda yerləşən digər məktəblərin birlik rəhbərləri, psixoloqları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini X.Xəlilova təhsil müəssisələrində şagirdlərin milli-mənəvi dəyərlərə sadiq və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini vurğuladı.
Daha sonra Dövlət Komitəsi tərəfindən hazırlanan “Fitnə” sənədli filmi nümayiş edildi.
Filmin nümayişindən sonra geniş məruzə ilə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev İslam Həmrəyliyinin dini radikalizm və ekstremizmə qarşı mübarizədə böyük əhəmiyyət kəsb etdiyini dinləyicilərin diqqətinə çatdırdı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri modelinin dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığı vurğulandı.
Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov dini radikalizmlə hüquqi-inzibati mübarizə haqqında geniş məlumat verdi.
Tədbirin sonunda mövzu ilə bağlı şagirdlərin sualları cavablandırıldı.