Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda məcburi köçkünlərlə bağlı müşavirə keçirilmişdir

10 mart 2017 | 11:00

10 mart 2017-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun sədrliyi ilə müşavirə keçirilmişdir.
Keçirilən müşavirədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon üzrə sektor müdiri Ceyhun Əliyev, Aparatın şöbə müdirləri, əməkdaşları, başçının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, kommunal və bir sıra strukturların rəhbərləri iştirak edirdilər.
Müşavirəni giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bildirdi ki, məlum olduğu kimi martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdir. Həmin müşavirədə yerli icra hakimiyyətlərinə konkret tapşırıqlar verilmişdir. Başçı müşavirə iştirakçılarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın fikirlərini çatdıraraq bildirdi ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Ölkə başçısı cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olmuşdur. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənmişdir. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Başçı onu da qeyd etdi ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ulu öndər Heydər Əliyevin daim diqqət göstərdiyi sahələrdən olmuşdur. Dahi rəhbər bunu özünün bir nömrəli problemi adlandırır və həmişə torpaqlarından didərgin düşən bu insanların həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğı ilə yanaşırdı. Heydər Əliyev dəfələrlə məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciklərində olmuş, onların qayğı və problemləri ilə tanış olmuşdur. Təsadüfi deyil ki, ulu öndərin 1999-cu il 6 dekabr tarixli fərmanı ilə Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu yaradılıb.
Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün iş yerlərinin açılması, sosial infrastrukturun bərpası ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Ulu öndərin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı sonrakı illərdə cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilmişdir. 2003-cü ildən başlayaraq məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşdırılmağa başlamışdır. Son illər məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması üçün Dövlət Proqramı və ona iki əlavə  qəbul olunmuşdur.
1992-ci ildən etibarən işğal olunmuş 11 rayondan 5537 ailə, 19968 nəfər olmaqla məcburi köçkün Qaradağ rayonunda məskunlaşmışdır.
Ölkə rəhbərinin tapşırığına əsasən ölkəmizin, o cümlədən Qaradağ rayonunda ərazisində yeni şəhərciklər salınmışdır. Belə ki, 2012-2015-ci illərdə Müşfiqabad qəsəbəsində ümumi sahəsi 25 hektar olan ərazidə 1680, 2013-2014-cü illərdə Ümid qəsəbəsində isə ümumi sahəsi  10 hektar olan ərazidə 200 məcburi köçkün ailəsi üçün hündür mərtəbəli yaşayış binalarından ibarət şəhərciklər inşa olunub. Şəhərcik orta məktəb, uşaq bağçası, klub, kitabxana, təcili yardım stansiyası, poçt şöbəsi, idman meydançası, park və kommunal xətlərlə təchiz olunub. Yeni şəhərciyə 4680 nəfər məcburi köçkün köçürülmüşdür.
Bundan əlavə Qaradağ rayonunda yataqxanalarda 828 ailə, 2711 nəfər, tikintisi yarımçıq qalmış binalarda 61 ailə, 248 nəfər, hərbi hissə və şəhərcikdə 291 ailə, 955 nəfər, zəbt olunmuş binalarda 395 ailə, 1759 nəfər, zəbt olunmuş şəxsi mənzillərdə 287 ailə, 1039 nəfər, körpələr evi – uşaq bağçalarında 208 ailə, 663 nəfər, ictimai binalarda 463 ailə, 1618 nəfər, qohumlarının evlərində 448 ailə, 1641 nəfər, Qurd qapısı adlanan ərazidə 181 ailə, 997 nəfər və Gecə sanatoriyasında 46 ailə, 131 nəfər olmaqla məcburi köçkün ailəsi məskunlaşmışdır.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirəsində yerli icra hakimiyyətlərinə tapşırıqlar verilmişdir və bu tapşırıqların müsbət şəkildə həll edilməsi istiqamətində konkret təkliflər hazırlanmalıdır.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müşavirəyə yekun vuraraq, Qaradağ rayonunda məcburi köçkünlərin kompakt məskunlaşdıqları Ümid və Müşviqabad qəsəbələrində işsizlik probleminin aradan qaldırılması, məcburi köçkün ailələrinin məşğulluq səviyyəsinin artırılması məqsədi ilə xalça sexlərinin açılması üzrə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Keçidlər