Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı – XX əsrin faciəsi

22 fevral 2017 | 11:00

         "Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq  bütün bu tarixin içində Xocalı  faciəsinin xüsusi yeri var. O da ondan ibarətdi ki, bir tərəfdən bu, hər bir  Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. Ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş  bir təzahürüdür". Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi bu sözlərdə çox böyük bir həqiqət vardır.
        1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikası və hərbçilərinin köməyi ilə 7 min əhalisi olan Xocalı şəhərinə hücum etmiş və əhalini qıraraq şəhəri yerlə yeksan etmişlər. Ermənilərin Xocalıda törətdikləri qırğın onların iç üzünü bir daha dünya ictimaiyyətinə göstərmişdir. Bu hücum zamanı yüzlərlə dinc sakin görünməmiş işgəncələrə məruz qalmış, uşaqlar, qadınlar, qocalar, bütöv ailələr öldürülmüşdür.
Qaradağ rayonunun bütün ümumtəhsil, tərbiyə və mədəni-maarif müəssisələrində də Xocalı soyqırımının  25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər  planı  hazırlanmış, Xocalı faciəsindən bəhs edən divar qəzetləri çıxarılmış, rəsm sərgiləri, inşa yazı müsabiqələri təşkil olunmuşdur.
Tədbirlər  planına uyğun olaraq rayonun bütün qəsəbələrində yerləşən ümumtəhsil müəssisələrində fevral ayının 26-dək Xocalı hadisələrindən bəhs edən müxtəlif yönümlü tədbirlərin təşkili davam etdiriləcəkdir.
22 fevral 2017-ci il tarixində rayonun Müşviqabad qəsəbəsindəki E.Şirəliyev adına   274  nömrəli tam orta məktəbdə və Müşviqabad qəsəbə Mədəniyyət Evində də “XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı” mövzusunda tədbir keçirilmişdir.
Müşviqabad qəsəbəsindəki E.Şirəliyev adına 274  nömrəli tam orta məktəbdə “26 fevral Xocalı faciəsi”nin iyirmi beşinci ildönümü ilə bağlı keçirilən tədbiri məktəbin direktoru Atakişi Cəfərov açdı. Dövlət himninin oxunmasından sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla Xocalı soyqırımında həlak olanların xatirəsini yad etdilər.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək bildirdi ki, XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi. Bu elə bir tarixdir ki, bizdən sonrakı nəsillər də xalqımıza qarşı yönələn bu cinayətin törədilmə səbəblərini öyrənəcək, əlləri yüzlərlə günahsız adamın qanına batmış cəlladları, onların əlaltılarını lənətləyəcək, soyqırımına məruz qalan vətən övladlarını zaman-zaman xatırlayacaqdır.
Sonra Xocalı faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya təqdim olunmuş, 274 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında səslənən şerlər və musiqi nömrələri dinlənilmişdir. 
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Müşviqabad qəsəbə Mədəniyyət Evində də “Xocalı soyqırımı-25”  adlı tədbir keçirilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” təbliğat və məlumatlandırma kompaniyasının əhəmiyyəti vurğulandı. Rayon ərazisində məskunlaşan xocalılar qətliamın dəhşətlərindən danışdılar.
Sonda Müşviqabad Mədəniyyət Evinin kollektivinin hazırladığı Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiya təqdim olundu.

Keçidlər