Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü qeyd olunmuşdur
13 fevral 2017-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü qeyd olunmuşdur.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Millət vəkili Mixail Zabelin, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin şəxsi heyəti və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdən öncə iştirak edən rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.
Tədbir iştirakçıları respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbir Dövlət Himninin ifası ilə başlanılmış, Xidmətin 5 illik fəaliyyətini əks etdirən slayd şou nümayiş etdirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edərək, xidmət tərəfindən 5 illik fəaliyyət dövründə qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmiş, ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçmiş, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrinin verildiyini bildirmişdir. Tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, Ölkə Başçısının müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə 5 il ərzində Xidmət tərəfindən əsaslı tədbirlər görülmüş, səfərbərlik hazırlığı və çağırış işinin təşkili, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi, polkovnik-leytenant İlqar Əlimirzəyev bildirib ki, indi Azərbaycan Silahlı Qüvvələri güclü maddi-texniki bazası, şəxsi heyətinin yüksək döyüş və mənəvi psixoloji hazırlığı ilə seçilir. Artıq müxtəlif ölkələrin gənclərinin respublikamızın müasir şəraiti, hərtərəfli maddi-texniki və tədris bazası ilə seçilən bir sıra ali hərbi təhsil ocaqlarında təhsil almaları da diqqəti çəkən faktdır.
Tədbirdə çıxış edən müharibə veteranları bildiriblər ki, taleyini şərəfli hərbi peşəyə bağlayanların sayının ilbəil artması bu sahəyə hərtərəfli dövlət qayğısından irəli gəlir.
Tədbirdə Millət vəkili Mixail Zabelin, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ Rayon “Şəhid Anaları” cəmiyyətinin sədri Pakizə Abbasova, Qarabağ Müharibəsi əlilləri veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Maqsud Heydərov və 228 saylı tam orta məktəbin çağırışa qədər hərbi hazırlıq rəhbəri Sahib Hüseyov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından keçən 5 il ərzində böyük nailiyyətlər qazanıldığını və qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirildiyini qeyd etmişlər.
Tədbirin sonunda dəvət olunmuş qonaqlar və xidmətdə fərqlənən əməkdaşlar təltif edilmişlər.