Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda azexport.az portalının təqdimatı keçirilib

01 fevral 2017 | 11:00

01 fevral 2017-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında “ADA” Universitetində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan azexport.az portalının təqdimatı keçirilib.
Təqdimatda azexport.az portalının meneceri Zaur Qardaşov bildirib ki, portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir. Dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-logistika şirkətləri və ödəmə sistemləri Azərbaycan mallarının realizasiyası üçün əlverişli şəkildə azexport.az-a inteqrasiya olunublar. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli olan azexport.az vasitəsilə “Made in Azerbaijan” brendi alıcılara yaxınlaşdırılır.
Daha sonra Z.Qardaşov portalın mahiyyəti və imkanları barədə təqdimat edib. Portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edilib. Zaur Qardaşov, həmçinin portala inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə də məlumat verib.
Daha sonra o, Azərbaycanda ixracın genişlənməsi istiqamətində azexport.az saytının imkanlarını yüksək qiymətləndirərək, verəcəyi töhfələrdən bəhs edib. Sahibkarlığın inkişafının yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayan komitə sədri deyib ki, cari ilin əvvəlindən uğurla reallaşan islahatların əsas prioritetlərindən biri məhz ixracın genişləndirilməsi, Azərbaycan brendi ilə qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir. Z.Qardaşov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin “Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülür. azexport.az saytı da bu baxımdan əhəmiyyətli missiya həyata keçirəcək” sözlərini də təqdimat iştirakçılarının nəzərinə çatdırıb.
Tədbir iştirakçılarına bildirilib ki, azexport.az platforması ölkənin ixrac potensialının artırılmasına dəstək verməkdə xüsusi əhəmiyyət kəsb edir. Artıq sahibkarlar öz məhsullarını xarici ölkələrdə seçdiyi bazarlara daha rahat şəkildə çıxara biləcəklər. Adıçəkilən portal, həmçinin “Made in Azerbaijan" brendinin xarici bazarlarda daha da məşhurlaşması üçün əvəzsiz rol oynayacaq. Sahibkarlar isə əvvəlki dövrlərdən fərqli olaraq öz məhsullarını tanıtmaq üçün bir çox əlavə xərclərdən də azad olacaq ki, bu da onlar üçün böyük stimul rolunu oynayacaq. Azərbaycanın onun əsas tərəfdaşları ilə ixrac sahəsində əlaqələr qurmasına yönələn layihə kimi bu portal ölkəmizin ixrac mövqelərini də möhkəmləndirəcək.

Keçidlər