Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanlara həsr olunmuş "Qərargah rəisi" və "Aqil Məmmədov" adlı sənədli filmlərin nümayişi

17 yanvar 2017 | 11:00

Yanvarın 17-də 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Qaradağ rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və "Yaddaş" Sənədli Filmlər Studiyasının birgə təşkilatçılığı ilə Milli Qəhrəmanlara həsr olunmuş "Qərargah rəisi" və "Aqil Məmmədov" adlı sənədli filmlərin nümayiş etdirilməsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Qaradağ rayon İcra Hakimiyyətinin nümayəndələri,Qaradağ rayon tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.
İlk öncə 20 Yanvar faciəsində həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxışında bildirib ki, 20 Yanvar faciəsi ərəfəsində Azərbaycanın Milli Qəhrəmanları olan Şikar Şikarov və Aqil Məmmədovun döyüş yoluna həsr olunmuş filmlərin nümayişi Qaradağ rayon gəncləri və ictimaiyyəti üçün əsl vətənpərvərlik nümunəsidir. Qeyd etdi ki 20 Yanvar Azərbaycan tarixində ən qanlı faciədir. Bu faciə sovetlər dövründə xalqların sovet rejiminə qarşı yönəlmiş milli azadlıq hərəkatı idi. Azərbaycanda milli azadlıq ruhunu məhv etmək üçün belə bir faciə törədildi. Ancaq nə sovet ordusunun silahları , nə də müxtəlif təsir vasitətləri Azərbaycan xalqının iradəsini qıra bilməmiş, Azərbaycan müstəqillik əldə etmiş və azadlığına qovuşmuşdur. Eyni zamanda erməni qəsbkarları Azərbaycan torpaqlarına göz dikib elan olunmamış müharibəyə başlamışlar. Azərbaycanın qeyrətli oğulları vətənin müdafiəsinə qalxaraq vətəni qorumaq uğrunda müharibəyə qoşulmuşlar. Haqqında söhbət etdiyimiz Milli Qəhrəmanlar həmin döyüşlərin şəhidi olublar.
Nitqinin yekununda Milli Qəhrəmanların ailə üzvlərinə, təqdimatda iştirak edən qonaqlara, filmin ərsəyə gəlməsində xidməti olanlara təşəkkürünü bildirdi.
Daha sonra çıxış edən Milli Qəhrəman Aqil Məmmədovun qızı Günay Səmədzadə Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldığını bildirdi. Qeyd etdi ki bu cür tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik hissini gücləndirir, vətəninə, dövlətinə sevgi hissini aşılayır.
Sonda Milli Qəhrəmanlar Şikar Şikarova və Aqil Məmmədova həsr olunan "Qərargah rəisi" və "Aqil Məmmədov" adlı filmlər nümayiş olundu.

Keçidlər