Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu körpələrimizə bayram sevinci bəxş etdi

28 dekabr 2016 | 11:00

28 dekabr 2016-cı il tarixində Heydər Əliyev Fondu Qaradağ rayonu, Sahil qəsəbəsindəki “Xəzri” şadlıq evində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə sağlamlıq imkanları məhdud olan uşaqlar, eləcə də rayonun aztəminatlı ailələrinin uşaqları üçün bayram şənliyi keçirdi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova, rayon İcra hakimiyyətinin məsul işçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova uşaqların keyfiyyətli təhsil alması, onlara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi və qayğı ilə əhatə olunması üçün onların sağlam mənəvi və sosial müdafiə mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının Azərbaycanın dövlət uşaq siyasətinin başlıca prinsipi olduğunu bildirdi.
Qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır.
Son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olmuşdur. Heydər Əliyev Fondu tərəfindən uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik iri miqyaslı layihələr, sosial proqramlar həyata keçirilir.
Daha sonra tədbir bayram konsert ilə davam etdirildi. Şaxta baba, Qar qız, cizgi film personajlarının, nağıl qəhrəmanlarının şən zarafatları bayram ovqatını daha da artırdı. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.
Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən uşaqlara yeni il hədiyyələri verildi.

Keçidlər