Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 165 mindən çox aztəminatlı ailəyə bayram sovqatları verildi

29 dekabr 2016 | 11:00

Heydər Əliyev Fondu tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edir.
Heydər Əliyev Fondunun müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 23-dən etibarən respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə çatdırılmağa başlanılıb.
Layihə çərçivəsində 165 mindən çox aztəminatlı ailəyə Heydər Əliyev Fondunun bayram sovqatları paylanılacaq.
İlk belə bayram süfrəsi dekabrın 23-də Qaradağ rayonunda təşkil olunub və 500-dək şəxsi əhatə edib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən tədbirin iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. O, hər il Heydər Əliyev Fondu tərəfindən rayonda təşkil olunan belə tədbirlərin əhalinin sosial müdafiəsi baxımından əhəmiyyətini vurğulayıb.
Fondun təşəbbüsü ilə rayonda bir sıra sosial obyektlərin tikildiyini və ya əsaslı təmir olunduğunu diqqətə çatdıran Süleyman Mikayılov bütün bunların Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin tərkib hissəsi olduğunu qeyd edib.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxışında bildirib ki, Fondun müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları dekabrın 23-dən etibarən respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə çatdırılmağa başlanılıb. Layihənin Heydər Əliyev Fondu və Fondun təsis etdiyi Regional İnkişaf İctimai Birliyi ilə birgə həyata keçirildiyini deyən Anar Ələkbərov aksiyaya Dövlət Neft Şirkəti tərəfindən dəstək göstərildiyini diqqətə çatdırıb və digər təşkilatların da layihəyə dəstək verərək qoşulacağına ümid etdiyini deyib.
Anar Ələkbərov tədbir iştirakçılarına Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb.
Qeyd olunub ki, 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına yönəlik dövlət proqramlarına dəstək verərək müxtəlif layihələr həyata keçirir. Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən Müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlik layihələr Fondun daim diqqət mərkəzindədir. Bu baxımdan Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir. Fond, həmçinin hər il orta məktəblərdə təhsildə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə alan, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar üçün Yeni il və Novruz şənlikləri keçirir, Qurban və Ramazan bayramlarında, eləcə də digər əlamətdar günlərdə uşaq evləri, internat məktəbləri, qocalar evi və aztəminatlı ailələrə bayram hədiyyələri göndərir, konsert proqramları və əyləncəli tədbirlər təşkil edir. Həyata keçirilən bütün bu layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır.
Bildirilib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində keçirilən növbəti genişmiqyaslı layihə Heydər Əliyev Fondu tərəfindən vətəndaşlarımıza bir bayram hədiyyəsi olmaqla yanaşı, həm də ailələri bayram süfrəsi arxasında həmrəy olmağa səsləyən rəmzi məna daşıyır.
Qaradağ ictimaiyyəti adından rayon ağsaqqalı Allahverdi Məmmədov çıxış edərək Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi irimiqyaslı layihələrdən danışıb. O, Fondun Qaradağ rayonunda da çoxlu layihələr reallaşdırdığını, xüsusilə kimsəsiz uşaqlara və qocalara hər zaman qayğı göstərdiyini, eləcə də təhsil və səhiyyə ocaqlarının tikintisini həyata keçirdiyini deyib. Rayon ağsaqqalı bugünkü tədbirlə də aztəminatlı ailələrə sevinc bəxş etdiyinə görə Fondun rəhbərliyinə minnətdarlığını çatdırıb.
Qaradağdakı rus icmasının adından çıxış edən Lyubov Ryabtskova multikultural və tolerant mühitin hökm sürdüyü Azərbaycanda yaşamasından məmnunluğunu ifadə edib. Respublikamızın hər yerində olduğu kimi, Qaradağda da bütün millətlərin və dinlərin nümayəndələrinin dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayan Lyubov Ryabtskova onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib. Aztəminatlı ailələrə Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.
Bildiririk ki, Qaradağ rayonunda ünvanlı sosial yardım alan aztəminatlı ailələrin sayı 1632-dir. Bu ailələrin hamısına Heydər Əliyev Fondu tərəfindən bayram sovqatı paylanılacaqdır.

.

Keçidlər