8 Noyabr – Zəfər Gününə həsr olunmuş “44 gün – Bir Zəfər və Bir Tarixdir” adlı bədii tamaşa keçirilib
04 noyabr 2026-cı il tarixində Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına Mədəniyyət Sarayında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “44 Gün – Bir Zəfər və Bir Tarixdir” adlı bədii tamaşa nümayiş etdirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tanınmış ziyalılar, şəhid ailələri, müharibə əlilləri və veteranları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, Vətənə sevgi, milli birlik, həmrəylik ruhunu təbliğ etmək olub.
Bədii tamaşa zamanı 44 gün davam edən Vətən müharibəsinin şanlı tarixini, Azərbaycan əsgərinin qəhrəmanlığını, xalqımızın sarsılmaz iradəsini və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi qələbəni əks etdirən səhnələr nümayiş olunub.
Qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, birliyinin və yenilməz iradəsinin təcəssümüdür. Bu möhtəşəm Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi daim ehtiramla anılacaqdır.






